Fənlər üzrə test topluları əlavələrlə yenidən nəşr olunub

Fənlər üzrə test topluları əlavələrlə yenidən nəşr olunub
# 21 sentyabr 2015 13:53 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Abituriyent” jurnalının xüsusi buraxılışı olan Azərbaycan dili, tarix, riyaziyyat, ədəbiyyat, coğrafiya və ingilis dili fənləri üzrə test topluları yeni əlavələrlə nəşr olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təqdim olunan test topluları əsaslı şəkildə yenidən işlənib və toplulara 2014-cü ilin nəşrlərində olmayan, təxminən 23 000 yeni test tapşırığı əlavə olunub.

Bildirilir ki, toplulardakı tap­şırıqlar TQDK tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda – ali təhsil müəssisələrinə, tam və ümumi orta təhsil bazalarında orta ixtisas məktəblərinə və hərbi liseylərə qəbul imtahanlarında, sınaq imtahan­ların­da istifadə olun­muş tapşırıqlardan, habelə “Abitu­riyent” jur­nalının ayrı-ayrı say­ların­da dərc edilmiş model testlərdən ibarətdir: “Toplu­dakı test tapşırıq­larının 25 faizi heç bir imtahanda istifadə olun­mamış tapşırıq­lardır. Bunlar test ban­kın­dakı tapşırıqların bütün modellərini əhatə edir və on­ların gələcəkdə imtahanlara düşməsi istisna olunmur. Toplulara 2015-ci ildə ali təhsil müəssisələrinə və hərbi liseylərə qəbul imtahanlarında istifadə olunmuş test komplektləri də daxil edilib. Test topluları testologiyaya maraq göstərənlər üçün dəyərli örnək, mənbə rolunu oynayacaq. Fənn müəllimləri və metodistlər təlim prosesində bu test variantlarından qiymətləndirilmə vasitəsi kimi istifadə edə bilə­cəklər. Hər bir müəllim bu testlər vasitəsilə həm də öz peşə hazırlığını yoxla­maq və artırmaq i­mka­nı əldə edəcək”.

Qeyd olunub ki, abituriyentlərin bu testlərdən istifadə etməklə öyrəndiklərini hərtərəfli yoxlamaq imkanı olacaq: “Testlər üzərində iş onların imtahana həm də psi­xo­loji hazırlığında əhəmiyyətli rol oyna­yacaq. Toplulardakı tapşırıqlardan eyni za­man­da ümumtəhsil məktəblərinin buraxılış imtahan­larında test modelləri kimi istifadə ediləcək”.

Test topluları TQDK-nın Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR