Türkiyənin dünyada ən çox tanınan rəsm, heykəl və keramika sənətkarı Orxan Taylanın APA-ya müsahibəsi
- Bu gün Türkiyədəki sənət mühiti barədə danışaqmı? 10 il əvvəlki və ya sizə “Dövlət sənətçisi” titulu verilən 20 il əvvəlki dövrlə müqayisədə sənət mühitinin vəziyyəti necədir?
- 10 il əvvəllə müqayisə edəndə Türkiyədə sənət mühitinin yaxşıya doğru getmədiyini deyə bilərəm. Başqa sahələrdə olduğu kimi, hər şey geriləyir və çökür. İncəsənətə maraq getdikcə azalır. Çünki incəsənətdən söhbət gedəndə iqtidar miniatür və xətt sənətinə üstünlük verir, heykəl sənətinə açıq-aşkar qarşıdır. Rəsm sənətinin təməlini təşkil edən çılpaq fiqurlara qarşı çıxırlar. Bunu rəsmi şəkildə bildirmirlər ancaq dövlət qalereyalarında çılpaq fiqur çəkən sənətkarların əsərlərini nümayiş etdirmirlər. Deyirlər ki, rəsmlərinizdə çılpaq fiqurlar olduğuna görə, sərgilərinizi aça bilmərik. Getdikcə sərgi açmaq da çətinləşir, pul qazana bilmədiklərinə görə, özəl qalereyaların bir çoxu bağlandı. Özəl qalereyaların yerini “böyük şou” mərkəzləri tutmağa başladı.
Qalereyalara ilk zərbəni hərrac evləri vurmuşdu, onların sənətkarlara çox zərəri var. Bazara tez-tez saxta rəsmlər çıxarırlar, həqiqi rəssamların əsərlərinin qiymətini aşağı salmağa çalışırlar. “Böyük şou”lara xidmət edən bienallar və yarmarkalar da qalereyaların yerinə keçir. “Contemporary art” deyilən bu cərəyan müasir sənətə qarşıdır.Müasir sənətin yerinə yeni bir sənət növünü gətirdilər, tablo alan maliyyə qurumları da ona üstünlük verdilər. Ancaq bu vəziyyət müasir sənətin Picasso-Matiss cizgisində davam etməsini əngəlləyərmi? Əngəlləyə bilməz. Çünki bizlər bildiyimiz və inandığımız şəkildə tablolar yaratmağa davam edəcəyik. Hazırda biz müəyyən mənada barrikadaları müdafiə edirik və 15-20 ildən sonra “Contemporary art”dan söhbət getməyəcəyinə inanıram. Çünki ictimaiyyət və sənətsevər xalq bu uydurma sənət növlərini qəbul etmədi. “Sənət o deyil, budur”, - deməklə gerçək sənət məfhumunu dəyişdirmək olmur. Ona görə biz ümidli olmağa davam edirik. Çünki hələ də rəsmlərimizə böyük ölçüdə maraq var. İnsanların iqtisadi gücü zəiflədikcə tablo ala bilənlər də azalır, ancaq tamaşaçı kütləsinin sayı azalmır, tablo ala bilməyən sənətsevərlər bizim əsərlərimizə baxmağa davam edirlər. İqtisadi çətinliklər sənətkarların da işini mürəkkəbləşdirir. Ancaq heç nə bitməyib və ümidlə, şövqlə çalışmağa davam edirik.
- Təxminən 10 il qabaq Türkiyədə maraqlı işlər oldu: məsələn, Burhan Doğançayın “Mavi simfoniya” adlı tablosu 1.5 milyon dollara, daha sonra Erol Akyavaşın tablosu eyni qiymətə satıldı. Hamı elə bildi ki, Türkiyənin müasir sənəti dünyada maraq oyandırdı, qiymətlər artacaq, türk rəssamların əsərləri də dünya bazarında rəqabətə girəcək. Ancaq Erol Akyavaş sanki başqa bir trendi müəyyənləşdirdi: onun ərəb hərfləri qoyduğu tabloları daha çox satıldı. Hazırda Akyavaşın da adı bazarda eşidilmir. Tablolarda ərəb əlifbası modası da geridə qaldımı? Müdafiə etdiyiniz barrikadada kimlər qaldı, kimlərlə yanaşı addımlayırsınız?
- Bu məsələ ilə bağlı ad vermək istəmirəm. Bir siyahı tutanda haqsız şəkildə o siyahıdan kənarda qalanlar olacaq ki, onlar bundan məmnun olmayacaqlar. Mən heç kimin xətrinə dəymək istəmirəm. Ancaq bu “mübaliğəli qiymət” məsələsi barədə danışmaq istəyirəm. Hamımızı çaşbaş salan qiymətlər meydana çıxanda biz o işlərin arxasında fırıldaqlar olduğunu bilirik. Yəni, heç kim o rəssamlara o pulları verməyib, “spekulyasiya” edilib. Bunu rəsm bazarında, demək olar ki, hamı bilir. Pul təmizləmə və ya buna oxşar “spekulyasiyalar” naminə tablolardan istifadə edilib. Çünki rəsm əsəri bazardakı dəyəri nəyəsə əsaslanaraq müəyyənləşdirilməyə çox uyğun olan bir əmtəədir. “Rəssam 10 milyon dollar istədi, mən də verdim”, - deyə bilmək asandır, heç kim “O əsərə niyə o qədər verdin?” - demir. Rəsm bazarında bu cür saxta satışlar davam etsə də, heç kim bunu saxtakarlıq hesab etmir, prokurorlar da maraqlanmır. Əgər bir sərgidə əsərin təxmini dəyərinin 100 dəfə artıq qiymətini görürsünüzsə, bilin ki, o sənətkar pul təmizləmək istəyənlərə dəvətnamə göndərir. Yəni, “Buyurun, mənim tablom ilə oyun oynaya bilərsiniz” - deyir. O pul heç vaxt verilməyəcək, ancaq rəssamın adı bazarda gəzəcək. Qəzet müxbirləri əsərlərin keyfiyyəti barədə yox, ən bahalı tablo barədə xəbər yazar, siyahılar ona görə hazırlanar.
Mən bunların heç birini qəbul etmirəm çünki hamısı rəsm sənətindən kənarda cərəyan edən işlərdir. Bunların bizə heç bir təsiri yoxdur, biz öz işlərimizə davam edirik.
- Mühafizəkar “Ülker” qrupu son 7-8 ildə bazardan yüksək qiymətlərə çox əsər aldığını elan etsə də, bir anda nəinki rəsm bazarından çəkildi, holdinq özü böyük maddi problemlərlə üzbəüz qaldı. Ancaq dünyəvi cinahda olan “Eczacıbaşı” qrupu müasir sənətin kino, musiqi, caz, rəsm sahələrində öz fəaliyyətini yarım əsərdən bəri uğurla davam etdirir. Sizin gözünüzdə Türkiyədə Renessans dönəminin “Mediçi ailəsi” kimdir?
- Cümhuriyyətin qurulmasından bəri böyük ailələr – Sabancılar, Eczacıbaşılar, indi xatırlamadığım ailələr sənətə olan münasibətlərini iqtidarlara görə dəyişdirməyiblər. Yaxşı ki, bu qədər güclüdürlər, hər iqtidara görə mövqe dəyişdirmirlər, buna sevinməyimiz lazımdır.
- Bir mədəniyyət nazirinin sənətə dair siyasətin dəyişməsindəki rolu nədir? 5-10 il vəzifədə qalan bir mədəniyyət naziri ölkədə sənətə baxışı dəyişdirə bilərmi?
- İndi Türkiyədə mədəniyyət Nazirliyi tarixdə qalıb, Turizm Nazirliyi ilə birləşdirilib. Mədəniyyət Nazirliyi sənətə birbaşa dəstək verməlidir. İndi müsbət şəkildə xatırladığımız mədəniyyət nazirləri olub. Onlar sənətə verdikləri dəstəklə yadda qalıblar. Məsələn, onlar sənətin müxtəlif sahələrində olan sənətkarlara özlərinə emalatxana almaq üçün ucuz kreditlər verilməsinə nail olublar. Mən də öz emalatxanamı o kreditlə almışam. Keçmişdə xaricdə açdığımız sərgilərə də çox dəstək verirdilər. Əgər bir beynəlxalq yarmarkada iştirak etməyə haqq qazanırdıqsa və ya xaricdə bir qalereya bizim sərgimizi açmağı planlaşdırırdısa, nazirlik əsərlərimizi xaricə aparmaq üçün bizə pul verirdi, təyyarə və otel məsrəflərimizi ödəyirdi. Xarici İşlər Nazirliyinin mədəniyyət idarəsi də lazımi dəstəyi verirdi. İndi bunlar yoxdur. Bəlkə xətt və miniatür çəkən sənətkarlara dəstək verirlər, ancaq bizim ətrafımızdakı sənətkarlara bu şəkildə dəstək verilmir. Sənət sahəsinin bu cür dəstəklərə çox ehtiyacı var, yoxsa bu gün türk rəssamının öz imkanları ilə xaricdə sərgi açması mümkün deyil. Mədəniyyət sahəsindəki siyasət - bütün ölkələrdə milli siyasətdir. Hər ölkə öz sənətini xaricdə tanıtdırmağa çalışır. Sənət bazarı baxımından əcnəbi rəssamın hər hansı ölkədə tablosunun satılması asan iş deyil. Ona görə, Fransadan da, Almaniyadan da ən məşhur rəssam gəlib Türkiyədə sərgi açanda çox tablo sata bilmir.
- Ancaq mən xaricdə açdığınız sərgilərdə sizin çox tablo satdığınızı bilirəm. İndi xaricdə sərgilərinizi necə açırsınız?
- Vallah, uzun müddətdir, aça bilmirəm. Həm nazirlik dəstək vermir, həm də mənim maddi imkanım azaldı. Bunu deməliyəm ki, xaricdə tablo satması o rəssamın beynəlxalq miqyasda şöhrətə malik olması deyil. Nyu-Yorkda və ya Parisdə sərgi açanda da məndən tablonu Türkiyədəki kolleksiyaçılarım alıb, bəlkə bir neçə amerikalı və ya fransız olub. Beynəlxalq miqyasda da mexanizmlər bu cür işləyir.
- Sizin arxanızdan gələnlərdən nə dərəcədə ümidlisiniz? Siyasi konyuktura onlara nə dərəcədə təsir göstərir, onlar sizin xəttinizdə qala biləcəklərmi?
- Bəli, çox ümidliyəm. Mənim tərzimdə rəsm çəkənlərin arxasından gələn çox sənətkar var. Onlar tərəddüdlə yox, böyük coşğu və güvənlə bizi izləyir, bizlərdən öyrənirlər. Biz də bildiklərimizi onlardan əsirgəmirik. Türkiyədə rəsm sənətinin inkişaf edə bilməsi üçün biliklərimizin bölüşülməsini çox mühüm iş hesab edirik. Türkiyənin hər tərəfindən gənc rəsm müəllimləri mənim yanıma gəlirlər. Sosial mediada çox sayda gənc rəsm müəllimi ilə əlaqələrimiz var. Sənətə təzəcə başlayan gənclər o qədər cəsur deyil, onları da ürəkləndirməyə çalışırıq. Hamımızın ətrafında gənc sənətkar qrupları var. Mən onların saxta sənət yolundan getməyəcəklərinə əminəm. Rəsm sənəti ifadə gücü çox yüksək olan sahədir. Bu sənət gənclərin çiyinlərində yüksəlib inkişaf etməyə davam edəcək.
- Siz Roma İncəsənət Akademiyasını bitirmisiniz. Son illərdə Türkiyənin bütün universitetlərində incəsənət fakültələri açıldı. Sizcə, hansı daha önəmlidir: təhsil yoxsa bu işin böyük ustalarıyla yaxın ünsiyyətdə çalışmaq?
- Universitet təhsili müəyyən baza yarada bilər, ümumi bilikləri aşılayar ancaq heç kimi sənətkar etməz. Sənətdə böyük ustaları izləmək də şərtdir ancaq mənə görə, əsas iş-kitabları oxumaqdır. Sənətə dair bütün biliklər kitablarda var. Təəssüf ki, Türkiyəmizin bu sahədə bəxti gətirməyib. Çünki nəşriyyatlar uzun müddət Avropada mühüm əhəmiyyət kəsb edən kitabları çap etmədilər. İndi tək-tük çıxmağa başlayır. Mən gənclərə və bütün müdavimlərimə bir an əvvəl əcnəbi dilləri öyrənməyi tövsiyə edirəm. Çünki əcnəbi dilləri bilmədən sənətkar olmaq mümkün deyil. Önəmli kitabların hamısı əcnəbi dillərdədir. Akademiyada mən də çox şey öyrənməmişdim, ancaq sənət akademiyasından və ya fakültəsindən keçmək məcburidir. Şəxsən mən bildiklərimin əksəriyyətini kitablardan öyrənmişəm. Təkcə sənətkarların həyatını oxumaqla kifayətlənmək olmaz, nəzəriyyələri oxumaq lazımdır. Həyat yeniləndiyi kimi, müasir sənət də yenilənir. Artıq heç kim impressionist tərzdə şəkil çəkmir. Elə isə o da müasir rəsmdir, bizimki də. İfadə tərzləri dəyişməyə başladı.
- Bəs, rəsm sənətində ədəbiyyatın rolu nədir? Ədəbiyyatsız rəssam olmaq mümkündürmü?
- Mümkün deyil. İncəsənət Akademiyasının müəllimi olan bir professor demişdi ki, şeiri sevmir, çaşbaş qalıb, çox gülmüşdüm. Şeiri başa düşmədən, musiqini bilmədən yaxşı rəssam olmaq mümkün deyil. Sənət növlərinin hamısı müştərək nəzəri qaydaların çərçivəsi içindədir. Sənətkarların hamısı eyni nəzəri prinsiplərdən öz əsərlərində istifadə edirlər. Hər şeyin təbiətlə ahəng içində olması çox önəmlidir.
- Strukturalist qaydalara işarə edirsiniz...
- Əlbəttə. Səs ahəngi hansı qaydanın üzərinə oturursa, şeirdəki, rəsmdəki ahəng də eyni təməllərin üzərində formalaşır. Ona görə yaradıcılığın növlərini bir-birindən çox ayırmamaq lazımdır.