Balakəndə regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülmüş işlərə həsr olunmuş tədbir keçirilib

Balakəndə regionların sosial-iqtisadi inkişafı ilə bağlı görülmüş işlərə həsr olunmuş tədbir keçirilib
# 29 mart 2013 09:44 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində görülmüş işlərə həsr olunmuş tədbir keçirilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Şəki-Zaqatala iqtisadi rayonu üzrə yerli icra hakimiyyətlərinin, İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdən əvvəl ölkə regionlarının sosial-iqtisadi inkişafına dair film nümayiş olunub. Tədbiri giriş sözü ilə açan Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulayıb, regionların sosial-iqtisadi mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramlarının xüsusi rolunu qeyd edib.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı iqtisadi inkişafın təmin edildiyini, yeni müəssisələrin və iş yerlərinin yaradıldığını, əhalinin həyat səviyyəsinin yüksəldiyini vurğulayıb.

İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə regionların, eyni zamanda qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd edib, bu sahədə həyata keçirilən tədqiqat işlərinin istehsalata tətbiqinin səmərəliliyi barədə məlumat verib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev çıxışında ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini bildirib, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi və ixracyönümlü məhsul istehsalına nail olmaq üçün sahibkarların işgüzar fəallığının artırılmasının zəruriliyini vurğulayıb.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov çıxışında ölkə iqtisadiyyatında və yeni müəssisələrin yaranmasında, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsində Dövlət Proqramının icrasının mühüm əhəmiyyət kəsb etdiyini və qarşıya qoyulmuş vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün mövcud potensialdan daha səmərəli istifadə edilməsini diqqətə çatdırıb.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Xarici ticarət siyasəti və ÜTT şöbəsinin müdiri Bəxtiyar Alışov çıxışlarında “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda Şəki-Zaqatala iqtisadi rayonu, o cümlədən Balakən rayonu üzrə sahibkarlığın prioritet inkişaf istiqamətləri və milli istehsalçıların xarici bazarlara çıxış imkanları barədə məlumat veriblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR