Ədliyyə naziri AŞPA-nın həmməruzəçiləri ilə görüşüb

Ədliyyə naziri AŞPA-nın həmməruzəçiləri ilə görüşüb
# 16 iyun 2016 16:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Avropa Şurası arasında səmərəli əməkdaşlığı qeyd edən nazir ölkəmizin Avropa Şurasına üzv qəbul olunduqdan sonra həyata keçirilən demokratik hüquqi islahatlardan danışıb, qanunvericilik bazasının təkmilləşdirilməsi, məhkəmə sisteminin müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı istiqamətində görülən genişmiqyaslı işlər barədə məlumat verib.

Müzakirələr zamanı qonaqlar prezident İlham Əliyevin təşəbbüsü ilə cinayət qanunvericiliyinə iqtisadi sahədə bəzi cinayətlərin dekriminallaşdırılması ilə bağlı dəyişikliklərin edilməsini, habelə məhkumların sayının azaldılmasını maraqla qarşılayıblar. Görüşdə əməkdaşlığın perspektivləri, qanunvericiliyin təkmilləşdirilməsi, alternativ cəza növlərinin tətbiqi və digər mövzular üzrə fikir mübadiləsi aparılıb, maraq doğuran məsələlərə aydınlıq gətirilib.

Tədbirdə Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri xanım Draqana Filipoviç və ölkəmizin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR