«Təmiz Şəhər»in ikinci karbon krediti layihəsi BMT-də qeydiyyatdan keçib

«Təmiz Şəhər»in ikinci karbon krediti layihəsi BMT-də qeydiyyatdan keçib
# 26 fevral 2013 09:03 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. «Təmiz Şəhər» ASC tərəfindən BMT-nin Təmiz İnkişaf Mexanizminə əsasən təqdim edilən Balaxanı poliqonunda bioqazların tutulması üzrə karbon krediti layihəsi BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyasında uğurla qeydiyyatdan keçib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, Azərbaycan tərəfindən Təmiz İnkişaf Mexanizmi üzrə 4 layihə uğurla qeydiyyatdan keçib və bu layihələrdən ikisi «Təmiz Şəhər»ə məxsusdur.

«Təmiz Şəhər» tərəfindən təqdim edilmiş birinci layihə Tullantıların Yandırılması Zavodunun fəaliyyəti ilə bağlı olub. Bu layihə çərçivəsində tullantıların yandırılması nəticəsində alternativ enerji əldə ediləcək. Hər iki layihənin həyata keçirilməsi nəticəsində tullantıların düzgün zərərsizləşdirilməsi ilə yanaşı, onlardan alternativ enerjinin əldə edilməsi və insan sağlamlığı və ətraf mühit üçün mənfi təsirlərin qarşısının alınması mümkün olacaq. Layihələrin mütəmadi olaraq BMT tərəfindən təyin edilmiş müstəqil auditor şirkətləri tərəfindən monitorinq aparılacaq.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişkənliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ildə Rio de Janeyroda iyunun 3-14-də keçirilən Ətraf Mühitin Mühafizəsi və İnkişafa dair konfransında razılaşdırılmış beynəlxalq ətraf mühit sazişidir. Sazişin məqsədi atmosferdə istilik effekti yaradan qazların toplanmasını iqlim sisteminə təhlükəli antropogen təsirin qarşısını alacaq miqdara endirməkdir. Təmiz İnkişaf Mexanizmi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən yaradılıb. Mexanizm ətraf mühitin mühafizəsi sahəsində inkişafı stimullaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR