Çaylı qəsəbəsinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə magistral xəttin tikintisi yekunlaşıb

Çaylı qəsəbəsinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə magistral xəttin tikintisi yekunlaşıb
# 09 iyun 2016 12:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində layihələrin icrasını davam etdirir.

“Azərsu”dan “APA-Economics”ə verilən məlumata görə, cəmiyyətin təxirəsalınmaz tədbirlər proqramına uyğun olaraq içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə davamlı olaraq layihələr həyata keçirilir: “İçməli su problemindən əziyyət çəkən Abşeron rayonunun Çaylı qəsəbəsinin su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni magistral su xəttinin tikintisi yekunlaşıb. Layihənin birinci mərhələsində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi və məcburi köçkün yaşayış massivinin içməli su təchizatı yaxşılaşdırılıb. Həmin yaşayış məntəqələrini içməli su ilə təmin etmək üçün + 145 Müşfiqabad su anbarından 10,2 km uzunluğunda magistral su xətti çəkilib. Magistral xətt həmin yaşayış məntəqələrinin mövcud şəbəkələrinə qoşulub və suyun verilməsi təmin olunub”.

Məlumata əsasən, növbəti mərhələdə Çaylı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə qəsəbəni su ilə təmin edən və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüş magistral su xəttinin dəyişdirilməsi qərara alınıb. Bu məqsədlə 225 mm diametrli borularla 1,6 km uzunluğunda magistral su xətti çəkilib. Hazırda yeni çəkilmiş magistral su xəttinin mövcud su təchizatı sistemlərinə birləşdirilməsi işləri aparılır. Magistral xətdən suyun verilməsi ilə 1600-dək sakini olan Çaylı qəsəbəsinin içməli su təchizatı yaxşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR