Binəqədidə “Qarabağ Dastanı” layihəsinin yekun tədbiri keçirilib

Binəqədidə “Qarabağ Dastanı” layihəsinin yekun tədbiri keçirilib
# 25 iyun 2016 15:09 (UTC +04:00)

Bakı-APA. Binəqədi Rayon İcra Hakimiyyəti (RİH), Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə reallaşan 26 iyun –Silahlı Qüvvələri Gününə həsr olunmuş “Qarabağ Dastanı” layihəsinin yekun tədbiri keçirilib.

APA-nın xəbərinə görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP-ın sədr müavini Əli Həsənov, RİH başçısı Xaləddin İsgəndərov, Şuşa RİH başçısı, “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov və millət vəkillərinin iştirakı ilə keçirilən tədbirdə “Qarabağ dastanı” layihəsi haqqında geniş məlumat verilib.

“Qarabağ dastanı” tamaşasında Ağabəyim ağa, Aşıq Dirili Qurbani, Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyov, Qaçaq Nəbi, Mir Həmzə Seyyid Nigari, Mirmehdi Xəzani, Sultan və Xosrov Bəy qardaşları, Pənahəli xan, Mirzə Camal bəy kimi tarixi qəhrəmanlardan, şəxsiyyətlərdən bəhs olunub.

Tədbirin sonunda 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə bir sıra hərbi qulluqçular, həmçinin “Qarabağ dastanı” layihəsinin ssenari müəllifi və musiqi tərtibatçıları, eyni zamanda bu layihədə yer tutmuş məktəblərin kollektivləri mükafatlandırılıblar.

RİH başçısı Xaləddin İsgəndərov tədbirdə iştirak edən şəhid ailələri, əsgərlər, valideynlərə, layihədə iştirak edən müəllimlər və şagirdlərə, gənclərə və rayon ictimaiyyətinin nümayəndələrinə təşəkkür edib: “Azərbaycan Ordusunun cəbhədəki uğurları hər birimizi sevindirir. Hər bir şəhidimiz bizim üçün əzizdir. Bu gün ön cəbhədə döyüşən əsgərlərimizlə yanaşı arxa cəbhədə də hər kəs öz üzərinə düşəni etməlidir. Bu gün biz burda cəbhədən uzaq olsaq da hər birimizin fikri, duası əsgərlərimizlədir. Hazırda güclü dövlətimiz, Ali Baş Komandanın, cənab Prezidentin bir əmri ilə irəli getməyə hazır olan rəşadətli ordumuz var”.

Əli Həsənov tədbirə yekun vuraraq layihə çərçivəsində ərsəyə gələn tədbirlə bağlı təəssüratlarını bölüşərək, Azərbaycanın tarixinə sahib çıxdığını, milli-mənəvi dəyərlərinə sadiqliyini və güclü dövlətçilik ənənələrinə malik olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR