Mərkəzi Bank: Bu ilin sonuna xarici investisiyaların 49% artacağı gözlənilir

Mərkəzi Bank: Bu ilin sonuna xarici investisiyaların 49% artacağı gözlənilir
# 12 noyabr 2015 10:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Yaxın perspektivdə Azərbaycanda iqtisadi artımın davam edəcəyi gözlənilir.

APA-Economics”in xəbərinə görə, bu barədə məlumat Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş Pul Siyasəti İcmalında qeyd olunub.

Sənəddə vurğulanıb ki, hökumətin son proqnozlarına görə 2015-ci ildə ölkədə iqtisadi artımın 3,3%, o cümlədən qeyri-neft sektorunda 5,9% olacağı gözlənilir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə qeyri-neft sektorunda artım 7,1% olacaq.

“Rəsmi proqnozlara görə iqtisadi artımın əsas mənbəyi olan qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi ötən illə müqayisədə 7,8% bəndi artaraq, ilin yekunu üzrə 68,8% təşkil edəcək. İqtisadi artım əsasən investisiya və istehlak xərcləri ilə dəstəklənəcək. 2015-ci ilin sonuna əsas kapitala investisiya qoyuluşunun real artım tempinin 9,2%-ni təşkil edəcəyi gözlənilir. Daxili investisiyalarla yanaşı, xarici investisiyalar da iqtisadi artıma müsbət təsir edəcək. Reallaşdırılan iri həcmli neft-qaz layihələri, habelə mürəkkəb qlobal iqtisadi şəraitə baxmayaraq ölkəmizin beynəlxalq kredit reytinqinin yuxarı həddə qiymətləndirilməsi xarici investisiya axınlarının yüksək tempdə artmasına şərait yaradır. İlin yekunu üzrə xarici investisiyaların 49% artacağı gözlənilir. İqtisadi artımın digər mühüm amili olan əhalinin istehlak xərclərinin ilin sonuna real ifadədə 1,4% artacağı gözlənilir. İstehlakın artımına ilk növbədə əhali gəlirlərinin artımı şərait yaradır. İlin sonuna əhalinin real pul gəlirlərinin 1,9% artacağı gözlənilir. Ölkəmizin əsas ixrac məhsullarından olan neftin dünya bazarında qiymətlərinin kəskin düşməsinə baxmayaraq, xalis ixracın həcmi də nominal ÜDM-in formalaşmasında mühüm rol oynayır. İlin sonuna xarici ticarət balansının profisitli olacağı gözlənilir”, - deyə icmalda vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR