Bu il 941 şagird təhsil aldıqları məktəbdə xarici dil fənni tədris olunmadığı üçün kimya fənnindən imtahan verəcək

Bu il 941 şagird təhsil aldıqları məktəbdə xarici dil fənni tədris olunmadığı üçün kimya fənnindən imtahan verəcək
# 01 iyun 2015 09:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu ildən Azərbaycanda tətbiq edilən yeniliklərə əsasən, tam orta (11-illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni), riyaziyyat və xarici dil fənləri üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir.

APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, xarici dil fənni tədris edilməyən təhsil müəssisələrinin şagirdləri buraxılış imtahanını xarici dil fənninin əvəzinə kimya fənnindən verirlər.

M.Abbaszadə buraxılış imtahanında xarici dillərdən imtahan verəcək abituriyentlərin sayını da açıqlayıb. Onun sözlərinə görə, bu il buraxılış imtahanı verəcək XI sinif şagirdlərindən 73068 nəfəri xarici dil kimi ingilis, 1107 nəfər alman, 2306 nəfər fransız, 27 nəfər ərəb, 11039 nəfər isə rus dilindən imtahan verəcək. XI sinif şagirdlərindən 941 nəfəri isə təhsil aldıqları məktəbdə xarici dil fənni tədris olunmadığı üçün buraxılış imtahanında kimya fənnindən imtahan verəcək.

TQDK sədri əlavə edib ki, hər bir XI sinif şagirdi komissiyanın Şagird-Məzun Sisteminə daxil olaraq özü haqqında məlumatların düzgünlüyünü yoxlaya bilər. Bu il buraxılış imtahanında iştirak edəcək 88 min 151 nəfər şagirddən yalnız 4 min şagird özü haqqında məlumatları yoxlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR