Astarada çimərlik mövsümü ilə əlaqədar seminar-müşavirə keçirilib

Astarada çimərlik mövsümü ilə əlaqədar seminar-müşavirə keçirilib
# 10 iyun 2016 05:28 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Astara Rayon İcra Hakimiyyətində (RİH) “Çimərlik mövsümündə su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində yerli icra və özünüidarə orqanları ilə birgə müvafiq tədbirlərin həyata keçirilməsi” mövzusunda seminar-müşavirə keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, tədbirdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin, Dövlət Sularda Xilasetmə Xidmətinin Lənkəran xilasetmə məntəqəsinin və Cənub dalğıc-axtarış qrupunun, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin Cənub Regional Şöbəsinin, Astara RİH-nin, yerli bələdiyyələrin, müvafiq xidmət sahələrinin nümayəndələri, eləcə də çimərliklərə məsul şəxslər də iştirak ediblər.

Seminar-müşavirədə çimərliklərin vəziyyəti, dəniz suyunun gigiyenik normalara uyğunluğu, məişət tullantılarının daşınması ilə bağlı mövcud problemlər, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görüləcək işlər müzakirə olunub.

Tədbirdə rayon ərazisində olan çimərliklərdə keçirilən monitorinqin nəticələri və hazırki vəziyyət barədə iştirakçılar məlumatlandırılıb, mövcud problemlər təhlil olunub.

Daha sonra “Dövlət Sularda Xilasetmə Xidmətinin fəaliyyət istiqamətləri, çimərlik mövsümündə vətəndaşların təhlükəsizliyinin təmin olunması qaydaları”, “Yay mövsümü ərzində əhalinin istirahətinin təşkili məqsədilə çimərlik sahələrində görülən işlər”, “Çimərlik sahələrində əhaliyə tibbi xidmətin göstərilməsi”, “Çimərliklərdə dəniz suyunun təmizlik vəziyyəti”, “112” qaynar xəttinə hansı hallarda zəng etmək lazımdır?” və “FHN-nin Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzularında məruzələr dinlənilib.

Seminar-müşavirənin sonunda mövzu ilə bağlı videoçarx və fotoslaydlar nümayiş etdirilib, tədbir iştirakçılarına maarifləndirici yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR