Aran bölgəsində un və kəpək bahalaşıb

Aran bölgəsində un və kəpək bahalaşıb
# 17 iyul 2014 07:51 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmirdə dəyirmanın fəaliyyətinin müvəqqəti dayandırılması aran bölgəsində unun və kəpəyin qiymətinin artmasına səbəb olub.

Sakinlərin APA-nın yerli bürosuna verdikləri məlumata görə, artıq 10 gündür Kürdəmir və ətraf rayonlarda unun və kəpəyin qiyməti 1 - 1 manat 20 qəpik artıb.

Əvvəllər 17 manata satılan 50 kiloqramlıq un kisəsi son günlər 18 manata, bəzi bölgələrdə isə 18 manat 20 qəpiyə satılır. 20 kiloqramlıq kəpək kisəsi isə əvvəllər 2 manata - 2 manat 20 qəpiyə satılırdısa, hazırda bölgələrdən asılı olaraq 3 manata - 3 manat 40 qəpiyə satılır.

Unun bahalaşması çörəyin qiymətinə təsir etməsə də, çəkisinin nəzərə çarpacaq qədər aşağı düşməsinə səbəb olub. Əvvəllər 30 qəpiyə satılan çörək 490-500 qram olurdusa, indi həmin çörəklərin çəkisi 430-435 qrama qədər aşağı düşüb. Un və kəpək satışı ilə məşğul olan sahibkarlar qiymətlərin qalxmasını Kürdəmir rayonunda fəaliyyət göstərən, sutka ərzində 500 ton buğda üyüdən dəyirmanın fəaliyyətinin dayandırılması ilə əlaqələndirir.

Dəyirmanın icraçı direktoru Rahim Yəhyayev APA-nın yerli bürosuna bildirib ki, dəyirmanın fəaliyyətinin dayandırılmasına əsas səbəb təmir işləri ilə paralel olaraq, ziyanvericilərə qarşı qabaqlayıcı tədbir görmək məqsədilə dərmanlama işlərinin aparılmasıdır. Yaxın 4-5 günə bütün işlər yekunlaşacaq və dəyirman əvvəlki gücü ilə fəaliyyət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR