Elxan Məmmədov: “Bu hal futbolda sanki bir xəstəlikdir”

Elxan Məmmədov: “Bu hal futbolda sanki bir xəstəlikdir”
# 15 fevral 2013 09:34 (UTC +04:00)

Bakı – APA. “Təəssüf ki, son vaxtlar dünya futbolunda danışılmış oyunlarla bağlı məsələlər gündəmə tez-tez gəlir. Bu hal futbolda sanki bir xəstəlikdir. Sevindirici haldır ki, bu siyahıda Azərbaycanın adı yoxdur”. Bu fikirləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Bir çox ölkələrin çempionatlarında, o cümlədən nüfuzlu futbol turnirlərində danışılmış matçlar, nəticəsi əvvəlcədən müəyyənləşdirilmiş oyunlar barədə söylənilənlər son günlər diqqət mərkəzindədir.

AFFA da UEFA-nın tövsiyələrini nəzərə alaraq, şübhəli oyunların araşdırılmağı ilə məsələni diqqətdə saxlayır. Bu məqsədlə Apellyasiya və Ekspert Komissiyasının nəzdində futbol mütəxəssislərindən ibarət xüsusi qrup yaradılıb.

Məmmədov bildirib ki, ölkəmizdə danışılmış oyunlar olmasa da, futbolsevərləri narahat edən bu problemi diqqətdən kənarda qoya bilməzlər: “Futbolda nəticəsi əvvəlcədən müəyyənləşdirilən oyunları aşkarlamaq, qeyri-qanuni hərəkətləri üzə çıxararaq sübuta yetirmək kifayət qədər çətin və mürəkkəb məsələdir. Bunu nəzərə alaraq, AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin nəzdində xüsusi komissiya yaradılıb. Həmin komissiyanın üzvləri Topaz Premyer Liqasının II dövrəsindən etibarən bəzi oyunları izləyiblər və bu proses çempionatın sonuna qədər davam edəcək. Komissiya üzvlərinin verdiyi məlumat məxfi saxlanılır”.

Baş katib da onu qeyd edib ki, komissiyanın üzvləri oyundan-oyuna dəyişdiriləcək: “Hər hansı oyunla bağlı şübhələr yaranarsa, ciddi şəkildə araşdırılacaq və müvafiq addımlar atılacaq. Bir daha bildirirəm ki, AFFA bu məsələləri daim nəzarət altında saxlayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR