DBX: Bir sıra rayonda heyvanlarda virus mənşəli “Nodulyar dermatit” xəstəliyinin kliniki əlamətləri qeydə alınıb

DBX: Bir sıra rayonda heyvanlarda virus mənşəli “Nodulyar dermatit” xəstəliyinin kliniki əlamətləri qeydə alınıb
# 17 iyul 2014 07:56 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bir müddət əvvəl İraq, Türkiyə və İran ərazilərində qeydə alınan, iribuynuzlu heyvanlar arasında yayılan “Nodulyar dermatit” virus xəstəliyinin kliniki əlamətləri Azərbaycanın Biləsuvar, Ucar, Cəlilabad və Ağdaş rayonlarında saxlanılan heyvanlar arasında da qeydə alınıb.

Dövlət Baytarlıq Xidmətindən (DBX) APA-ya verilən məlumata görə, hazırda xəstəlik müşahidə edilən heyvanlar arasında simptomatik (kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri zamanı orqanizminin müxtəlif funksiyalarının normallaşmasına yönəldilən tədbirlər) müalicə tədbirləri aparılır.

Kənd əsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən, xəstəliyin qarşısının alınması məqsədilə bir sıra rayonda heyvan bazarları bağlanıb, həmin ərazilərdə ciddi şəkildə dezinfeksiya tədbirləri görülür.

Məlumatda bildirilir ki, “Nodulyar dermatit” xəstəliyi virus mənşəli olmaqla qısa müddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəliyin qansorucu həşəratlar vasitəsilə-transmissiv yolla yalnız iribuynuzlu heyvanlar arasında yayılması aşkar edilib.

Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsi, inəklərdə cinsi siklin, törədici buğalarda müvəqqəti cinsi fəallığın pozulması iqtisadi zərərin baş verməsi ilə səciyyələnir.

Xatırladırıq ki, hələlik heyvanlar arasında tələfat müşahidə edilmir. Təsərrüfatlarda mütəmadi olaraq profilaktiki baytarlıq-sanitariya tədbirləri həyata keçirilir.

DBX əhalinin nəzərinə çatdırır ki, heyvanlar arasında hər hansı narahatlıq olduğu zaman yerli baytarlıq orqanlarına müraciət olunsun, heyvanların bazara çıxarılmasına yol verilməsin, qansorucu həşəratlara qarşı dezinseksiya tədbirləri davam etdirilsin.

DBX xəstəliyə tam nəzarət edir, yeni yoluxan heyvanlarda müalicə-profilaktik, sağlam heyvanlarda profilaktiki tədbirlər, dezinseksiya (çimizdirilmə) işləri görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR