Metroda partlayış törətməkdə təqsirləndirilən ömürlük məhbus Ali Məhkəməyə müraciət edəcək

Metroda partlayış törətməkdə təqsirləndirilən ömürlük məhbus Ali Məhkəməyə müraciət edəcək
# 29 iyun 2016 13:05 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. 1994-cü il mart ayının 19-da “20 Yanvar” metrostansiyasında partlayış törətməkdə təqsirləndirilən şəxslərdən Rahib Məhsinov yenidən məhkəməyə müraciət edəcək.

APA-nın məlumatına görə, onun vəkili Ali Məhkəmənin Plenumuna R. Məhsinovun barəsində hökmün ləğv edilməsi barədə şikayət ərizəsi hazırlayır. Şikayət yaxın günlərdə məhkəməyə təqdim ediləcək.

Qeyd edək ki, 1994-cü il mart ayının 19-da “20 Yanvar” metrostansiyasında qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Terror aktı zamanı 14 nəfər ölüb, 49 nəfər yaralanıb. Terror aktının icraçısı Oqtay Qurbanov partlayış zamanı ölüb. Həlak olanlar arasında xalq artisti Rafiq Babayev də olub. Partlayışdan metro stansiyasının tavanı bəzi hissələrdə çöküb.

Cinayətin törədilməsində şübhəli bilinən “Sadval” Ləzgi Milli Hərəkatının üzvləri həbs edilib. İstintaqın nəticələrinə görə terror aktını təşkil edən və törədənlər Ermənistan xüsusi təyinatlı orqanları ilə əlaqəli idilər və hazırlığı bu ölkədə keçiblər. Terror aktı faktı üzrə 11 adam cinayət məsuliyyətinə cəlb edilib. Onlardan Rahib Məhsinov I dərəcəli Ali Məhkəmənin Kollegiyasının hökmü ilə ömürlük olaraq azadlıqdan məhrum edilib. O, hazırda Qobustanda yerləşən həbsxanada cəza çəkir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR