Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Məhəmməd peyğəmbərin doğumu günü münasibəti ilə tədbir keçirilib

Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda Məhəmməd peyğəmbərin doğumu günü münasibəti ilə tədbir keçirilib
# 18 aprel 2013 21:10 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Türkiyənin Azərbaycandakı səfirliyinin Dini məsələlər üzrə müşavirliyinin təşkilatçılığı ilə Məhəmməd peyğəmbərin doğumu günü münasibəti ilə “Peyğəmbər və insan onuru” adlı tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə səfirliyin əməkdaşları, Azərbaycan və Türkiyənin millət vəkilləri, din xadimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Türkiyə səfirliyinin dini məsələlər üzrə müşaviri Sadik Əraslan deyib ki, keçən ildən fərqli olaraq, bu il müşavirlik bir sıra yeniliklər edib: “Bu il biz nəti-şərif (həzrəti Peyğəmbərə yazılmış tərif-mədhiyyə şeirlərinin ifadəli oxunuşu) yarışı təşkil etdik və qalibləri bura dəvət etmişik. Eyni zamanda biz peyğəmbərimizin həyatı ilə bağlı məşhur ilahiyyatçı, alim Məhəmməd Həmidullahın “İslam peyğəmbəri” və İbrahim Sarıçamın “Həzrət Məhəmməd” adlı kitabları çap etdirdik”.

Sonra çıxış edən Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun bu günün vacibliyindən və İslam dininin həyatımızda oynadığı vacib rolundan danışdı.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov isə öz çıxışında bildirib ki, tarixdə tərəqqiyə ən böyük addımını atan hərəkət Məhəmməd peyğəmbərin yaratdığı hərəkət oldu. Onun sözlərinə görə, əgər əvvəllər qadına heç bir dəyər verilmirdisə, doğulan qız uşaqlar qız olduğuna görə dərhal torpağa tapşırılırdısa, peyğəmbərin dünyaya gəlməsi, onun əsas qoyduğu ideologiya əsl çevriliş, tərəqqi istiqamətində çox böyük addım oldu, qadının rolu, onun sosial həyatında dəyəri yüksəldi, böyüklərə hörmət artdı.

Tədbirin sonunda qonaqlar üçün xüsusi ziyafət təşkil olunub, peyğəmbərin həyatından bəhs edən kitablar hədiyyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR