Təhsil Nazirliyində “Səmərəli məktəb” layihəsinin hesabat iclası keçirilib

Təhsil Nazirliyində “Səmərəli məktəb” layihəsinin hesabat iclası keçirilib
# 08 fevral 2013 16:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Təhsil Nazirliyində “Səmərəli məktəb” layihəsinin hesabat iclası keçirilib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, təhsil naziri Misir Mərdanov Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində Təhsil Nazirliyi və “Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin (MTTYMİB) reallaşdırdığı “Səmərəli məktəb” layihəsi haqqında ətraflı məlumat verib.

Nazir 2010-2012-ci illər ərzində həyata keçirilmiş layihənin əsas məqsədinin məktəblərdə idarəetmənin təkmilləşdirilməsi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində məktəb əsaslı təlimlər sisteminin yaradılması və məktəb-valideyn əlaqələrinin gücləndirilməsindən ibarət olduğunu bildirib.

Layihədə Bakıdan 3, respublikanın digər şəhərlərindən 9 məktəb olmaqla, 12 təhsil müəssisəsinin iştirak etdiyini nəzərə çatdıran M.Mərdanov layihənin 6 komponent üzrə həyata keçirildiyini söyləyib. Hazırkı informasiya əsrində məktəbin missiyasının əsaslı şəkildə dəyişdiyini vurğulayan nazir dünyanın inkişaf tendensiyalarından geri qalmamaq üçün müasir məktəbin iş üsullarının təkmilləşdirilməsinin vacibliyini önə çəkib.

“Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi” İctimai Birliyinin təhsil siyasəti üzrə proqram direktoru, “Səmərəli məktəb” layihəsinin rəhbəri Elmina Kazımzadə bildirib ki, layihənin əsas məqsədi tədris ocaqlarının davamlı inkişafını təmin etmək üçün müəllimlərin peşəkarlığının artırılmasından ibarətdir. Hələlik 12 təhsil müəssisəsinin layihədə iştirak etdiyini söyləyən E.Kazımzadə “Səmərəli məktəb” layihəsinin elektron multimedia diskindən və hazırlanmış müvafiq elektron vəsaitlərdən digər məktəblərin də istifadəsinin mümkünlüyünü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR