İrəvanda müxalifət tərəfdarlarının etiraz aksiyası sona çatıb

İrəvanda müxalifət tərəfdarlarının etiraz aksiyası sona çatıb
# 09 aprel 2013 22:52 (UTC +04:00)

Bakı-APA. İrəvanın mərkəzində Ermənistan prezidentliyinə keçmiş namizəd, müxalif “İrs” partiyasının lideri Raffi Ovanisyan tərəfdarlarını etiraz aksiyası sona çatıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, aksiya iştirakçıları Baqramyan küçəsi ilə yürüşü davam etməyə müvəffəq olub. Parlament binasının yanından keçən etirazçılar prezidentin iqamətgahına yaxınlaşıb və burada dövlət himnini oxuyaraq dağılışıb. Aksiya iştirakçıların kiçik bir hissəsi Azadlıq meydanına qayıdıb.

Baqramyan küçəsində hərəkət tam bərpa olub. Prezidentin iqamətgahı yaxınlığında bir qrup xüsusi təyinatlı keşik çəkir.

Ovanisyanın tərəfdarlarının növbəti mitinqi aprelin 12-də Azadlıq meydanında davam edəcək.

Xatırladaq ki, bu gün İrəvanda ikinci müddətə seçilmiş Ermənistan prezidenti Serj Sarqsyanın inauqurasiyası keçirilib. Ovanisyan seçkilərin nəticələrini qəbul etməyərək, Konstitusiya məhkəməsinə şikayət verib və bu gün Azadlıq meydanında özünün alternativ inauqurasiyasını keçirib.

Bundan əvvəl Raffi Ovanisyanın tərəfdarları polisdən yürüş iştirakçılarını Baqramyan küçəsində yerləşən prezidentin iqamətgahına buraxılmalarını tələb ediblər. Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların irəliləməsinə imkan verməyib, nəticədə, yürüş iştirakçıları ilə polis arasında bir neçə toqquşma baş verib. Bundan sonra müxalifət tərəfdarlarının bir qismi yürüşün marşrutunu dəyişərək prezidentin iqamətgahı yerləşən Baqramyan küçəsindən Moskovyan küçəsinə, "erməni soyqırımı" abidəsinə istiqamət götürüblər.

Qeyd edək ki, Ermənistan Yazıçılar İttifaqının binası qarşısında müxalifət tərəfdarları ilə polis arasında bir neçə dəfə toqquşma baş verib, nəticədə “İrs” partiyasının sədr müavini Armen Martirosyan xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR