FHN-də “Formula-1” yarışlarına hazırlıqla bağlı görüş keçirilib

FHN-də “Formula-1” yarışlarına hazırlıqla bağlı görüş keçirilib
# 08 iyun 2016 14:35 (UTC +04:00)

Bakı-APA. Bakıda keçiriləcək 2016-cı il “Formula-1” Avropa Qran-prisi yarışlarına hazırlıq çərçivəsində iyunun 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ilə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri arasında qarşılıqlı əlaqələrin təşkili mövzusunda görüş keçirilib.

FHN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, tədbirdə FHN-in “Formula-1” yarışları zamanı təhlükəsizliyə cavabdeh əməkdaşları və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin nümayəndələri iştirak edib. Tədbirin keçirilməsində məqsəd yarışlar zamanı qarşılıqlı fəaliyyətin daha dəqiq əlaqələndirilməsi və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparmaqdan ibarət olub.

FHN-in “Formula-1” üzrə əlaqələndiricisi polkovnik Cavanşir Həşimov görülən işlərdən danışıb, belə tədbirlərin keçirilməsinin yarışlar öncəsi əməkdaşların nəzəri biliklərinin artırılmasına kömək edəcəyini vurğulayıb.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Əməliyyat Departamenti obyektlərin idarə edilməsi üzrə mütəxəssisi Ləman Həsənova, Departamentin idman üzrə menecerinin müavini Vladislav Vorapayev, Təhlükəsizlik Departamentinin təhlükəsizlik üzrə koordinatoru Məsturə Ədilova “Formula-1” yarışları zamanı FHN xilasediciləri ilə qarşılıqlı əlaqələrin əhəmiyyətindən danışıb, yarışlar müddətində baş verə biləcək hər hansı bir hadisəyə operativ reaksiya verilməsinin zəruriliyini diqqətə çatdırıblar.

Sonda yarışlarda təhlükəsizliyə dair fotoslaydlar göstərilib, suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR