Beynəlxalq Avrasiya Mətbuat Fondu, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi və “Qarabağ İtkin Ailələri” İctimai Birliyi BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsinin 31-ci sessiyasına birgə bəyanat təqdim edib.
APA xəbər verir ki, bəyanatda Ermənistanın Komitəyə təqdim etdiyi dövri hesabatda I Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş hərbçilər və mülki şəxslər, o cümlədən qadınlar, uşaqlar və ahıl şəxslər barədə heç bir məlumatın yer almadığı bildirilib.
Qeyd olunub ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı Dövlət Komissiyasının 1 avqust 2026-cı il tarixinə olan məlumatına əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 010 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Bildirilib ki, onlardan 4 004 nəfəri I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük II Qarabağ müharibəsində itkin düşüb. İtkin düşən şəxslərdən 3 228 nəfəri hərbçi, 782 nəfəri isə mülki şəxsdir.
Mülki itkinlər arasında 71 nəfərin yetkinlik yaşına çatmamış uşaq, 288 nəfərin qadın, 319 nəfərin isə ahıl şəxs olduğu qeyd olunub.
Bəyanatda vurğulanıb ki, itkin düşmüş şəxslərdən 872 nəfərinin Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülərək Ermənistan ərazisində və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində saxlanılmasına dair sübutlar və şahid ifadələri mövcuddur.
Sənəddə ən təkzibedilməz məlumatların Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təqdim edildiyi qeyd olunub. Bildirilib ki, BQXK-nın 1998 və 2001-ci illərdə təqdim etdiyi siyahılara əsasən, I Qarabağ müharibəsi zamanı əsir və girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan ərazisində və vaxtilə işğal olunmuş Azərbaycan ərazilərində yerləşən saxlanma yerlərində BQXK əməkdaşları tərəfindən baş çəkilib, həmin şəxslər rəsmi qeydiyyata alınıb.
Qeyd olunub ki, sonradan 54 nəfərdən 17 nəfərinin meyiti Azərbaycana qaytarılıb, 33 nəfərin saxlanma yerində öldüyü bildirilsə də, meyitləri geri verilməyib, 4 nəfərin isə sonrakı taleyi barədə ümumiyyətlə məlumat təqdim edilməyib.
Bəyanatda həmçinin İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) 2024-cü ildə dərc etdiyi “Azərbaycan Respublikasında İtkin Düşmüş Şəxslərin Uçotu” adlı qiymətləndirmə hesabatına istinad edilib.
Bildirilib ki, Azərbaycan hökumətinin razılığı ilə 2023-cü ilin iyununda ICMP-nin qiymətləndirmə missiyası Azərbaycanda fəaliyyət göstərib, dövlət qurumlarının, vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri, beynəlxalq ictimaiyyətin təmsilçiləri, texniki və məhkəmə-tibbi ekspertlərlə görüşlər keçirilib.
Sənəddə qeyd olunub ki, azad edilmiş ərazilərdə aşkar edilən kütləvi məzar yerlərində aparılan ekshumasiya və insan qalıqlarının eyniləşdirilməsi işləri də qiymətləndirmə zamanı nəzərə alınıb.
Bəyanatda Ermənistanın əsir və girov götürülmüş azərbaycanlılarla bağlı məlumat təqdim etməməsi tənqid olunub və bunun beynəlxalq normalara etinasız münasibət olduğu bildirilib.
Qeyd edilib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində indiyədək 32 kütləvi məzar yeri aşkarlanıb. İnsan qalıqlarının eyniləşdirilməsi nəticəsində onların vaxtilə əsir və girov götürülmüş azərbaycanlılara, o cümlədən uşaqlara, qadınlara və ahıl şəxslərə aid olduğu müəyyən edilir.
Sənəddə BMT-nin İrqi Ayrı-Seçkiliyin Ləğvi Komitəsinin 2024-cü ilin noyabr-dekabr aylarında keçirilmiş 114-cü sessiyasında Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələrdə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı narahatlığın ifadə olunduğu xatırladılıb.
Bəyanatda qeyd olunub ki, həmin sənədin 31 və 32-ci bəndlərində Ermənistan Beynəlxalq Qızıl Xaç Komitəsi və Azərbaycanla əməkdaşlığa, həmçinin uzunmüddətli sülh razılaşmasına nail olmaq və itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün dialoqda xoşniyyətli olmağa çağırılıb.
Həmçinin bildirilib ki, BMT-nin İşgəncələr Əleyhinə Komitəsi 2025-ci ilin aprel-may aylarında keçirilmiş 82-ci sessiyada Ermənistanla bağlı qəbul etdiyi Yekun Müşahidələrdə əsir və girovların işgəncə və əzabla qətlə yetirilməsi ilə bağlı narahatlığını ifadə edib.
Bəyanatda vurğulanıb ki, dəfələrlə rəsmi müraciətlərə baxmayaraq, I və II Qarabağ müharibələri zamanı əsir və girov götürülmüş və itkin düşmüş 4 010 nəfər barədə Ermənistan tərəfindən heç bir məlumat təqdim edilməyib.
QHT-lər BMT-nin Məcburi İtkindüşmələr üzrə Komitəsindən Ermənistan dövlətindən əsir və girov götürülmüş, sonradan yoxa çıxmış şəxslərin taleyi barədə məlumat tələb etməsini istəyib.
Bəyanatda Komitəyə Ermənistanın I və II Qarabağ müharibələri zamanı itkin düşmüş şəxslərin dəfn yerləri, xüsusilə kütləvi məzarların koordinatları barədə məlumatların Azərbaycana təqdim edilməsini tələb etmək tövsiyə olunub.
Həmçinin Ermənistanın itkin düşərkən yetkinlik yaşına çatmamış 71 uşaq, o cümlədən girov götürülməsi faktı qeydə alınmış 29 uşaq (7 qız və 22 oğlan) barədə ayrıca araşdırma aparması və onların hər biri haqqında məlumatları açıqlaması tələb olunub.