Misirdə baş verən iğtişaşlarda Azərbaycan vətəndaşları zərər çəkməyib

Misirdə baş verən iğtişaşlarda Azərbaycan vətəndaşları zərər çəkməyib
# 26 yanvar 2013 09:33 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva-APA. Misirdə baş verən iğtişaşlarda zərərçəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

O qeyd edib ki, Misirdə bir neçə epizodik xarakterli toqquşmalar qeydə alınıb və kütləvi xarakter almayan bu hadisələr Azərbaycan səfirliyinin fəaliyyətinə təsir göstərməyib. Elman Abdullayev bildirib ki, səfirlik işini adi rejimdə davam etdirir, Misirdə yaşayan Azərbaycan vətəndaşları ilə mütəmadi əlaqə saxlanır.

Qeyd edək ki, Misir ordusu Süveyşdə polislə aksiya iştirakçıları arasında qanlı toqquşmalardan sonra küçələrə texnika və hərbi birləşmələr çıxarıb.


Şəhərdə baş verən toqquşmalarda 7 aksiya iştirakçısı və bir polis əməkdaşı ölüb. Prezident Məhəmməd Mursi “Twitter”dən xalqa müraciət edərək zorakılığı dayandırmağa çağırıb. Ölkənin bütün böyük şəhərlərində etiraz aksiyaları keçirilir. İştirakçılar prezident Mursini və “Müsəlman qardaşlar”ı verdikləri vədlərə əməl etməməkdə günahlandırırlar. Qahirədə nümayişçilər dövlət televiziyasını ələ keçirməyə cəhd göstəriblər, onlara qarşı gözyaşardıcı qaz tətbiq olunub. İsgəndəriyyədə iştirakçılar valiliyin binasını ələ keçirmək istəyib, toqquşmalarda çoxlu sayda yaralananın olduğu bildirilir. Qahirə və Damanxurda “Müsəlman qardaşlar”ın ofislərinə basqınlar olub. “Əl-Cəzirə” telekanalı Misirdə baş verən toqquşmalarda xəsarət alanların sayının 476 nəfərə çatdığı barədə xəbər yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR