2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi vaxtından əvvəl Nazirlər Kabinetinə göndərilib

2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi vaxtından əvvəl Nazirlər Kabinetinə göndərilib
# 19 sentyabr 2014 07:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Maliyyə Nazirliyində Nazirlər Kabinetinə təqdim olunmuş 2015-ci il dövlət budcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin müzakirəsinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, kollegiya iclasında çıxış edən maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi layihəsinin strukturu və əsas prioritetləri barədə məlumat verib. Nazir bildirib ki, 2015-ci il və sonrakı üç il üçün dövlət büdcəsi xərclərinin layihəsi “Büdcə sistemi haqqında” Qanuna müvafiq olaraq ölkənin əsas makroiqtisadi proqnoz göstəriciləri, büdcədən maliyyələşən və maliyyə yardımı alan təşkilatların real büdcə sifarişləri və gözlənilən büdcə gəlirləri nəzərə alınmaqla hazırlanıb.

Onun sözlərinə görə, gələn ilin dövlət büdcəsi layihəsinin xərcləri prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin davam etdirilməsi və digər prioritet hədəflərin həyata keçirilməsi üçün maliyyə təminatı yaradacaq. O cümlədən, iqtisadi və sosial islahatlara dəstək olmaq, dövlətin müdafiə qabiliyyətini gücləndirmək, iqtisadi, ərzaq, ekoloji təhlükəsizliyi təmin etmək, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin yerinə yetirilməsinə, qeyri-neft sektorunun inkişafına və s. nail olmaq 2015-ci il və sonrakı üç ildə qarşıda duran vəzifələrdən olacaq.

Büdcə şəffaflığı məsələsinə toxunan nazir qeyd edib ki, artıq bir neçə ildir ki, dövlət və icmal büdcələrinin layihələri Milli Məclisə təqdim olunmazdan əvvəl Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilərək ictimai müzakirəyə çıxarılır. Bununla yanaşı, büdcənin parametrləri ilə əhalini maarifləndirmək məqsədi ilə sadə və anlaşıqlı dildə vətəndaşın büdcə bələdçisi hazırlanır və bütün bunlar ictimaiyyət, o cümlədən vətəndaş cəmiyyəti institutları və beynəlxalq maliyyə təşkilatları tərəfindən böyük maraqla qarşılanır.

Kollegiyada qeyd olunub ki, 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər hazırlanaraq vaxtından əvvəl Nazirlər Kabinetinə olub. Növbəti həftədə Nazirlər Kabinetində 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin geniş müzakirəsinin keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR