Əmək və əhalinin sosial müdafiəsi naziri Krımın kurortlar və turizm nazirini qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Krımın kurortlar və turizm nazirini qəbul edib
# 03 aprel 2013 13:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov Azərbaycanda səfərdə olan Krım Muxtar Respublikasının Kurortlar və turizm naziri Aleksandr Liyevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın xəbərinə görə, görüşdə nazir Fizuli Ələkbərov bildirib ki, Azərbaycanla Ukrayna arasında qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur.

F.Ələkbərov Azərbaycanla Ukraynanın əmək və sosial müdafiə məsələlərinə cavabdeh nazirlikləri arasında əməkdaşlığın daim gücləndiyini vurğulayıb. Nazir əlilliyi olan şəxslərə bərpa-müalicə xidmətlərinin təşkili, effektli reabilitasiya modellərinin tətbiqi sahəsində Krımla səmərəli təcrübə mübadilələrinin aparıldığını diqqətə çatdırıb. Azərbaycanla Ukrayna arasında imzalanan müvafiq razılaşmaya əsasən, hər il ölkədən bir qrup əlilliyi olan vətəndaşın Ukraynanın Krım vilayətinin Saki şəhərində yerləşən N.Burdenko adına Onurğa beyni zədələnmiş xəstələr üçün ixtisaslaşmış sanatoriyada 4 həftəlik bərpa-müalicəsi təşkil olunur. Təkcə son 5 ildə həmin sanatoriyada Azərbaycandan 360 nəfər əlilliyi olan şəxsin bərpa-müalicəsinin təşkili təmin edilib.

Qonaq Aleksandr Liyev Azərbaycanda müşahidə olunan inkişaf dinamikasının ölkəsi tərəfindən maraqla izləndiyini qeyd edib. O, Azərbaycanla əməkdaşlığın inkişafında, o cümlədən tibbi-sosial reabilitasiya proqramları üzrə ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib. Görüşdə hər iki nazirlik arasında müvafiq sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR