"Növbəti 3-7 il ərzində Türkmənistan və Qazaxıstandan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri ilə neft nəqli artacaq. Bu da Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə yeni tankerlərin cəlb edilməsində özünü göstərəcək".
“APA-Economics”in məlumatına görə, bunu Azərbaycan Xəzər Dənizi Gəmiçiliyi QSC-nin Strateji İnkişaf və İnvestisiya Layihələri üzrə şöbə müdiri Tariyel Mirzəyev Bakıda keçirilən SOCAR III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, neft-kimya" Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu səbəbdən də cəmiyyətə yeni tankerlər lazım olacaq: "Həmçinin, köhnə tankerlər yeniləri ilə əvəz olunacaq. Artıq bununla bağlı proqram hazırlanıb”.
T. Mirzəyev deyib ki, Xəzər Dəniz Gəmiçiliyi öz tanker donanmasını yeniləyir və yeni tankerlər sifariş edib: "Bu tankerlərin hazırda Bakı Gəmiqayırma Zavodunda iki ədəd tankerin tikintisi davam edir və bu tankerlərin 2019-cu ildə təhvil verilməsi nəzərdə tutulub".
O qeyd edib ki, hazırda Azərbaycan Dəniz Gəmiçiliyi QSC-nin balansında 55 tanker mövcuddur: “Bu tankerlərlə ildə 8 milyon tona yaxın yük daşınır”.