Vergi Apelyasiya Şurası "Abdu" MMC-nin təkrar şikayətini təmin etməyib

Vergi Apelyasiya Şurası "Abdu" MMC-nin təkrar şikayətini təmin etməyib
# 19 sentyabr 2015 07:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Vergi Apelyasiya Şurasında "Abdu" MMC-nin 2012-2013-cü illər üzrə mənfəət vergisinə kameral qaydada hesablanmış əlavə vergi məbləğinin ləğv edilməsi barədə təkrar şikayətinə baxılıb.

 

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, cəmiyyətdə nazirlik yanında Bakı Vergilər Departamenti tərəfindən aparılmış araşdırma zamanı, 2012-2013-cü illər üzrə “Mənfəət vergisinin bəyannamələr”inin təqdim olunması zamanı real dövriyyənin gizlədilməsi və vergidənyayınma riski müəyyən edilmişdir. Aşkar olunmuş uyğunsuzluqlarla əlaqədar, cəmiyyətə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilərək, dəqiqləşdirilmiş “Mənfəət vergisinin bəyannamələr”i, müəssisənin gəlir və xərclərini özündə əks etdirən təsdiqedici sənədlər və əsaslandırılmış izahat məktubunun təqdim olunması tələb edilib.

 

Uyğunsuzluq məktubunda göstərilən müddət ərzində cəmiyyət tərəfindən tələb olunan sənədlər, əsaslandırılmış izahat məktubu və ya dəqiqləşdirilmiş vergi bəyannamələri təqdim edilmədiyindən, Departament tərəfindən vergi ödəyicisinə müvafiq dövrlər üzrə mənfəət vergisi hesablanaraq “Vergilərin hesablanması barədə Qərar”lar göndərilib.

 

Vergi Apelyasiya Şurasının iclasında cəmiyyətin təkrar şikayətlərinə onun səlahiyyətli nümayəndəsi Əfəndiyev Fariz Rafiq oğlunun iştirakı ilə baxılıb.

 

İclasda sözügedən şəxsdən xərc sənədlərinin və kameral vergi yoxlamasının düzgün aparılması üçün zəruri olan digər sənədlərin araşdırmaya təqdim edilməsi xahiş olunmuş və o, öz növbəsində bunun üçün cəmiyyətə müəyyən müddət vaxt verilməsini Şuradan xahiş etmiş və bu səbəbdən Şuranın iclası 11 sentyabr 2015-ci il tarixədək təxirə salınıb. Daha sonra, keçirilmiş iclasda F. Əfəndiyev hal-hazırda sənədləşmənin aparılmadığı mümkün olmadığını və vergi hesab-fakturalarının olmadığı səbəbindən lazımi sənədləri təqdim edə bilməyəcəyini bildirib.

 

Araşdırma zamanı F. Əfəndiyevin cəmiyyətin xərclərini təsdiq edəcək vergi hesab-fakturalarını vergi orqanına təqdim etmədiyi, vergi ödəyicisinin fəaliyyəti üzrə kameral vergi yoxlaması aparılan zaman Vergi Məcəlləsinin tələblərinin pozulması hallarına yol verilmədiyi və vergi ödəyicisi barəsində əlavə vergi məbləğinin düzgün hesablandığı, həmçinin vergi ödəyicisinin təkrar şikayətində və vergi orqanına təqdim etdiyi izahatında, həmçinin Şuranın iclasında öz mövqeyini sübut etmək üçün heç bir tutarlı əsas gətirmədiyi müəyyən edilib.

 

İşin faktiki halları, toplanmış materiallar, gətirilmiş dəlillər əsas götürülməklə və qanunvericiliyin müvafiq müddəaları rəhbər tutulmaqla Vergi Apelyasiya Şurası "Abdu" MMC-nin təkrar şikayətinin təmin edilməməsi haqqında Qərar çıxarıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR