Hikmət Hacıyev: “Azərbaycan sədrliyi dövründə Avropa Şurası ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlığın inkişafına öz töhfəsini verib”

Hikmət Hacıyev: “Azərbaycan sədrliyi dövründə Avropa Şurası ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlığın inkişafına öz töhfəsini verib”
# 14 noyabr 2014 10:58 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Azərbaycanın Avropa Şurasına sədrlik fəaliyyəti zamanı bu qurumun daxili təsisatları ilə əməkdaşlıqla bağlı ciddi işlər aparılıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib.


H. Hacıyev bildirib ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra ilk dəfə olaraq bu ilin mayında Avropa Şurası Nazirlər Komitəsində sədrlik funksiyasını 6 ay müddətinə öz üzərinə götürüb və bu sədrlik fəaliyyəti çox uğurlu və məhsuldar şəkildə həyata keçirilib. O qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə insan haqları, demokratiya, qanunun aliliyi əsas prioritetlər kimi götürülüb. Vacib istiqamətlərdən biri də korrupsiya ilə mübarizə olub, bununla bağlı Bakıda bir sıra tədbirlər təşkil edilib: "Həmçinin BMT çərçivəsində I Qlobal Gənclər Forumunun Bakıda təşkil olunması da bizim sədrlik dövrümüzə düşdü və bu, Azərbaycanın gənclər siyasəti istiqamətində gördüyü mühüm işlərdən biri sayıla bilər".

XİN rəsmisi vurğulayıb ki, sosial həmrəylik, multikulturalizm, gənclər siyasəti ilə bağlı sahələr də diqqətdə olub. Azərbaycan həmçinin sədrliyi dövründə Avropa Şurası ilə digər beynəlxalq təşkilatlar arasında, o cümlədən ATƏT, BMT ilə əməkdaşlığın inkişafına öz töhfəsini verib.

H. Hacıyev qeyd edib ki, Azərbaycan noyabrın 13-də Strasburqda sədrliyi Belçikaya verib, ondan sonra isə Avropa Şurasına Bosniya-Herseqovina sədrlik edəcək. Onun sözlərinə görə, bu dövlətlər tərəfindən Azərbaycanın məqsədlərinə şərik çıxılıb və Azərbaycan bundan sonra da bu məqsədlərin inkişafına töhfəsini verməkdə davam edəcək: “Biz də onların fəaliyyət planını, mütərəqqi addımlar atmaq niyyətlərini bölüşürük”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR