DİN və Baş Prokurorluq Taleh Bağırovla bağlı birgə məlumat yayıb

DİN və Baş Prokurorluq Taleh Bağırovla bağlı birgə məlumat yayıb
# 11 aprel 2013 13:26 (UTC +04:00)

DİN-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, martın 31-də nazirlik əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin, Anar Məlikovdan isə "Makarov" tipli tapança, 4 patron və 1 bıçaq götürülüb. Faktla bağlı cinayət işi başlanıb və hər iki şəxs həbs olunublar.

Məlumatda daha sonra qeyd olunub ki, aprelin 2-də naməlum şəxslər Nardaran qəsəbəsində yerləşən, xalq artisti Zeynəb Xanlarovaya məxsus bağ evinin qarşısında avtomat silahdan atəş açaraq yandırmaq məqsədilə onun həyətinə içərisinə yandırıcı maye doldurulmuş şüşə qablar atıblar. Daha sonra vətəndaş Rafiq İbrahimovun bağ evinin həyətinə də yandırıcı qablar atılmış, birinci mərtəbənin şüşələri sındırılmış və divarına "Taleh Bağırova azadlıq!" sözləri yazılıb. Elə həmin gün, təxminən saat 05.35 radələrində Bakı şəhər İcra Hakimiyyətinin yaxınlığında şübhəli şəxs qismində Bəxtiyar Qurbanov və Röyal Əsgərov saxlanılıb, əllərindəki çantadan 1 ədəd 5 litrlik plastmas su qabında və 4 ədəd 1 litrlik qablarda benzin, daş parçası, pambıq, süngər və köhnə şalvar götürülüb. İlkin dindirmə zamanı onlar Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ətrafında əvvəlcədən bir neçə dəfə müşahidə apardıqlarını, Taleh Bağırovun həbsinə və guya hicaba qoyulan qadağaya etiraz olaraq İcra Hakimiyyətini yandırmaq, bununla da vətəndaş itaətsizliyi və ajiotaj yaratmaq istədiklərini etiraf ediblər. Təqsirləndirilən şəxslərin etirafedici ifadələri, müvafiq ekspertiza rəyləri və digər mötəbər sübutlarla Bəxtiyar Qurbanov və Röyal Əsgərovun törətdikləri cinayət əməlləri, onların bu işi məhz Taleh Bağırovun tapşırığı əsasında etdikləri tam təsdiqini tapıb.

Hazırda cinayət işləri üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR