Azərbaycanda bitkiçiliyə dair ekoloji tələblərin sayı artıb

Azərbaycanda bitkiçiliyə dair ekoloji tələblərin sayı artıb
# 14 iyun 2016 13:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin növbədənkənar iclasında “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Toxumçuluq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında”. “Çayçılıq haqqında” və “Taxıl haqqında” qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.

APA-nın xəbərinə görə, qanun layihələri barədə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanuna təklif edilən əlavəyə əsasən, genetik modifikasiya olunmamış bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmamış kənd təsərrüfatı bitki materiallarından istifadə olunması bitkiçilikdə tətbiq olunan ekoloji tələblərin sırasına daxil edilir.

“Toxumçuluq haqqında” qanuna təklif edilən dəyişiklik toxumun istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməməsini nəzərdə tutur. “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” qanuna dəyişiklik də Azərbaycanda genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istehsalı, dövriyyəsi, rayonlaşdırılması, ölkəyə gətirilməsi və dövlət reyestrinə daxil edilməsinin qadağan edilməsini nəzərdə tutur.

“Çayçılıq haqqında” qanununa təklif edilən 10.3-cü maddə çay və çay məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilməməsini ehtiva edir. Qanunun 8.3-cü maddəsinə təklif edilən əlavə genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş çay və çay məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilməməsi ilə bağlıdır.

“Taxıl haqqında” qanuna əlavə edilməsi nəzərdə tutulan 6.8-ci maddədə isə qeyd olunur ki, “Taxıl məhsullarının istehsalında və dövriyyəsində genetik modifikasiya olunmuş bitkilərin, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının istifadəsinə yol verilmir. O cümlədən, genetik modifikasiya olunmuş bitkilərdən, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarından istifadə edilərək istehsal olunmuş taxıl məhsullarının Azərbaycan Respublikasına idxal edilməsinə yol verilməyəcək.

Qanunların qeyd hissəsində bildirilir ki, qadağanın pozulması Cinayət və İnzibati Xətalar məcəllələri ilə məsuliyyət yaradacaq.

Qanunlar səsverməyə çıxarılıb və qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR