İcra hakimiyyəti orqanları notariat kontorları olmayan yaşayış məntəqələrində torpaqla bağlı sənədləri təsdiqləyəcək

İcra hakimiyyəti orqanları notariat kontorları olmayan yaşayış məntəqələrində torpaqla bağlı sənədləri təsdiqləyəcək
# 14 iyun 2016 16:12 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli məclisin plenar iclasında "Notariat haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, dəyişiklik notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının apardığı notariat hərəkətləri ilə əlaqədardır.

Dəyişiklik notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının apardığı notariat hərəkətlərinin sayının artırılmasını nəzərdə tutur. Dəyişiklik müvafiq icra hakimiyyəti orqanlarına sahəsi beş hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq etmək hüququnun verilməsini ilə bağlıdır.

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna da anoloji dəyişiklik təklif edilib. Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov ucqar dağ kəndlərində icra nümayəndələrinə hətta kəbin kəsmək səlahiyyəti verildiyini bildirib: “Məncə, yerli icra hakimiyyəti orqanlarına sahəsi beş hektardan çox təşkil etməyən xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq etmək hüququnun verilməsi normal haldır”.

Gənclər və idman komitəsinin sədri Fuad Muradov isə icra orqanlarına belə səlahiyyət verilməsini məqbul saymayıb: “Ziyafət müəllim, mən bilmirəm ki, sizin dediklərinizin bu məsələyə nə aidiyyəti var. Torpaq kifayət qədər ciddi məsələdir, bunun icra nümayəndəsinə həvalə edilməsi çox həssas məqamdır. Əgər ucqar rayonlarla bağlı problem varsa, bu səlahiyyəti “ASAN Xidmət”ə vermək olar. Ayda bir dəfə mobil qaydada gedə və sənədlər təsdiqlənə bilər”.

Z. Əsgərov isə F. Muradovun bu qanun layihəsindən xəbərsiz olduğunu söyləyib: “Siz Yardımlının ucqar kəndlərindən seçilsəydiniz, bunun nə demək olduğunu bilərdiniz”.

Hər iki qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR