TürkPA Türkiyədə keçiriləcək prezident seçkilərinin monitorinqini aparacaq

TürkPA Türkiyədə keçiriləcək prezident seçkilərinin monitorinqini aparacaq
# 09 avqust 2014 07:29 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. TürkPA Beynəlxalq Müşahidəçilər Missiyası avqustun 10-da Türkiyədə ölkə vətəndaşları tərəfindən ilk dəfə birbaşa ümummilli səsvermə yolu ilə keçiriləcək prezident seçkilərinin qısa müddətli monitorinqini həyata keçirəcək. Təşkilatdan APA-ya verilən məlumata görə, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, Azərbaycan - Türkiyə parlamentlər arası işçi qrupunun rəhbəri Nizami Cəfərovun rəhbərlik etdiyi TürkPA Beynəlxalq Müşahidəçilər Missiyası bununla bağlı Türkiyəyə etdiyi səfər zamanı Yüksək Seçki Şurasının sədri Sadi Güven, Konstitusiya Məhkəməsinin sədri Haşim Kılıç, Türkiyə Böyük Millət Məclisinin üzvü, TürkPA Hüquq Məsələləri və Beynəlxalq Əməkdaşlıq Komissiyasının sədri Haluk İpek və Türkiyə Parlamentindən olan digər TürkPA üzvləri, eyni zamanda Xarici İşlər Nazirinin müavini Naci Koru və digər yüksək vəzifəli şəxslərlə görüşlər keçirib. Görüşlər zamanı müşahidəçilər prezident seçkilərinə hazırlıqla bağlı görülən tədbirlər və beynəlxalq səviyyədə tanınmış seçki standartlarının təmin edilməsi haqqında ətraflı məlumatlandırılıb.

Türkiyə rəsmiləri ümummilli prezident seçkilərinin ilk dəfə olaraq təşkil olunduğunu və buna görə hökumət tərəfindən bütün vətəndaşlara öz səsvermə hüququndan istifadənin təmin edilməsi üçün zəruri addımların atıldığını bildiriblər. Bu ilin 31 iyul və 3 avqust tarixləri arasında xaricdə yaşayan Türkiyə vətəndaşları Türkiyənin diplomatik missiyalarında və ya Türkiyə hökuməti tərəfindən icarəyə götürülmüş məntəqələrdə səs veriblər. Seçicilərin ümumi sayı xaricdə qeydiyyatdan keçmiş 2,7 milyon daxil olmaqla təxminən 53 milyon nəfərdir. Seçkilərin ilk turunda qalib olmadığı təqdirdə, ikinci tur 26 avqust 2014-cü il tarixində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR