Xədicə İsmayılovanın vəkilləri müdafiə nitqi ilə çıxış ediblər

Xədicə İsmayılovanın vəkilləri müdafiə nitqi ilə çıxış ediblər
# 26 avqust 2015 10:01 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə

Xədicə İsmayılovanın vəkil Fariz Namazlı məhkəmə istintaqının təzələnməsi barədə vəsatət verib. O bildirib ki, dövlət ittihamçısı çıxışında səhvlərə yol verib, şahid ifadələrini təhrif edib.

Dövlət ittihamçısı Ramazan Hadıev isə deyib ki, məhkəmə istintaqının təzələnməsini istəmək məhkəməni uzatmağa xidmət etməkdən başqa bir şey deyil. O vəsatətin əsassız olduğunu deyib və rədd olunmasını istəyib.

Hakimlər müşavirədən qayıdandan sonra vəsatətin təmin olunmadığını bildiriblər.

Daha sonra Fariz Namazlı və Xədicə İsmayılovanın digər vəkili Fəxrəddin Mehdiyev müdafiə çıxışı ediblər.

Onlar Xədicə İsmayılova haqqında bəraət hökmü çıxarılmasını istəyiblər.

Sonra replika hüququndan istifadə edən dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, cinayət işi üzrə məhkəmə istintaqı aparılıb: “Bura elmi mühazirə yeri deyil. Buranın yeri konkret sübut və sübuta verilən qiymətdir. Düşünürəm ki, vəkillər mənim göstərdiyim sübutların heç birini təkzib edə bilmədilər”.

Hakim son sözü demək üçün Xədicə İsmayılovaya söz verilib. Xədicə İsmayılova məhkəmə iclas protokolları ilə tanış olmaq istədiyini deyib, məhkəmədən çıxış üçün 1 həftə vaxt istəyib.

Hakim isə deyib ki, məhkəmə iclas protokolları ilə proses tama başa çatandan sonra tanış olmaq olar.

Prosesin avqustun 31-də davam etdiriləcəyi elan olunub.

Xatırladaq ki, ötən prosesdə çıxış edən prokuror Ramazan Hadıyev X. İsmayılovanın ittiham olunduğu maddələr üzrə təqsiri məhkəmə istintaqı dövründə sübuta yetirildiyini bildirib. O, məhkəmədən Xədicə İsmayılovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Azadlıq Radiosu” və “Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib.

Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb.

Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR