BQP Nazirlər Kabinetini siyasi partiyalara ayrılacaq vəsaiti artırmağa çağırır

BQP Nazirlər Kabinetini siyasi partiyalara ayrılacaq vəsaiti artırmağa çağırır
# 15 oktyabr 2012 14:57 (UTC +04:00)
Bakı – APA. Böyük Quruluş Partiyası (BQP) siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı bəyanat yayıb.

BQP mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bəyanatda bildirilir ki, “Siyasi partiyalar haqqında” qanuna əsasən 2013-cü ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün ayrılacaq vəsaitin məbləği məlum olub.

“Nazirlər Kabinetindən verilən məlumata görə, gələn il partiyaları maliyyələşdirmək üçün ilk dəfə olaraq dövlət büdcəsindən 2 milyon manat ayrılacaq. Bu vəsaitin 10%-i irəli sürdüyü namizədlər Milli Məclisə son seçkilərdə etibarlı səslərin azı 3%-ni qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyalar arasında səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40%-i MM-də təmsil olunan partiyalar arasında bərabər, 50%-i isə deputatların sayına proporsional bölünür” – deyə bəyanatda qeyd olunur.

BQP bəyan edir ki, demokratik cəmiyyətlərdə dövlət büdcəsindən ayrılmalar müəyyən edilərkən ilk növbədə siyasi partiyalar diqqətə alınır: “Qeyri-hökumət təşkilatları, mətbuat adətən dövlətdən ya asılı olmayan və yaxud az asılı olan müstəqil qurumlar kimi fəaliyyət göstərirlər. Təəssüf ki, olkəmizdə bu təcrübə reallaşmadı”.

BQP partiyaların dövlət büdcəsindən maliyyələşməsini müstəqil Azərbaycanın tarixində ilk addım kimi əlamətdar olduğunu təqdir etməklə bərabər, ayrılan vəsaitin miqdarının yetrəli olmadığı qənaətindədir: “Siyasi partiyalara qeyri-hökumət sektoruna ayrılan vəsaitin 10%-i miqdarında maliyyə ayrılması əslində ölkədə siyasi partiyalar sisteminin normal təşəkkül tapmasına, siyasi mühitin inkişafına, partiyaların ideoloji və təşkilati işlərinin normal qurulmasına əhəmiyyətli təsir etməyəcək. Ümid edirik ki, Nazirlər Kabineti öz qərarını yenidən gözdən keçirəcək və ayrılacaq vəsaitin miqdarının partiyaların real tələbatına yaxınlaşdırılması üçün optimal məbləği müəyyən edəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR