Son 12 il ərzində Azərbaycanda əsas kapitala 73 mlrd. manat investisiya yönəldilib

Son 12 il ərzində Azərbaycanda əsas kapitala 73 mlrd. manat investisiya yönəldilib
# 26 oktyabr 2012 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Son 12 il ərzində Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 72 804 116,3 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əgər 2000-ci ildə ölkənin əsas kapitalına yönəldilmiş investisiyaların həcmi cəmi 967 821,1 min manat təşkil edirdisə, 2011-ci ildə bu göstərici 12 799 061,3 min manata çatıb. Göründüyü kimi, son 12 il ərzində əsas kapitala yönəldilmiş sərmayənin həcmi 13,2 dəfə artıb.

Eyni zamanda, son 12 il ərzində əsas kapitala yönəldilmiş vəsaitin 36 357 027,6 min manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Ötən il ərzində tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi 7 834 848,1 min manat təşkil edib və bu göstərici 2000-ci ilə nisbətən 19 dəfə artıb.

Onu da qeyd edək ki, son 3 il ərzində tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmində müsbət dinamika müşahidə olunub. Belə ki, 2008-ci ildə tikinti-quraşdırma işlərinə 5 919 856,5 min manat sərf edilib və 2009-cu ildə bu rəqəm 12,4% azalaraq 5 183 035,5 min manat təşkil edib. Lakin sonrakı illərdə sözügedən işlərə sərf olunmuş vəsaitin həcmi artıb.

Xatırladaq ki, 2012-ci ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 9 850,6 mln. manat vəsaitin 60,3 faizi və ya 5 941,8 mln. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 27,4%, tikinti-quraşdırma işlərinin isə 27,3% artıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR