Mahmud Əhmədinejad: “Hazırda Ərəb körfəzində 120-dən çox xarici hərbi gəmi var”

Mahmud Əhmədinejad: “Hazırda Ərəb körfəzində 120-dən çox xarici hərbi gəmi var”
# 18 oktyabr 2012 10:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. “Ərəb körfəzinə əcnəbilərin gəlməyə başlaması ilə bölgədə sülh və sabitlik pozuldu, dinclik qaçdı”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bunu İran prezidenti Mahmud Əhmədinejad bildirib.

Onun sözlərinə görə, hazırda Ərəb körfəzində 120-dən çox xarici hərbi gəmi var: “İllik 40-50 milyard dollar məbləğində bölgə ölkələrinə silah satışı həyata keçirilir. Ancaq bölgə ölkələrinin artıq öz talelərini özləri həll etməsi lazımdır”.

İran prezidenti deyib ki, ABŞ İran xalqını təhdid edir: “Bunlar İran xalqını tanımırlar. İranlılar hücum və təcavüz düşüncəsi və anlayışında deyillər. Lakin mümkün hərbi müdaxilə qarşısında ölkələrini gözlənilməz bir güc və imanla müdafiə edərlər”.

M. Əhmədinejad vurğulayıb ki, İran indiyədək heç bir xalqa qarşı düşmənçilik siyasəti yürütməyib: “İran son 33 il ərzində davamlı olaraq fövqəlgüclərin öz qeyri-qanuni istəklərini xalqlara zorla qəbul etdirmək istəmələrindəki zalımca siyasətlərini sorğulayıb və əsla onların təzyiqləri qarşısında təslim olmayıb”.

İran prezidenti ölkəsinin nüvə proqramı ətrafında yaranmış gərginliyə də toxunub: “İranın nüvə proqramı ilə irəli sürülən bəzi iddialar həqiqəti əks etdirmir. İran xalqı təməldən atom bombasını qəbul etmir və düşmənə qarşı öz düşüncə və mədəniyyəti ilə qarşılıq verməkdədir”.

M. Əhmədinejad həmçinin Qurban bayramında Suriyada atəşkəsə nail olunmasının vacib olduğunu vurğulayıb: “Bölgədə axan qanın durdurulması zəruridir. Çünki düşmənlər mövcud vəziyyətdən sui-istifadə edir və hədəflərinə çatmaq üçün bu durumdan yararlanmağa çalışırlar. İran və Türkiyə Suriyada atəşkəsin təmin olunması, sülh və sabitliyin bərqərar edilməsi və Suriya xalqının haqlarının reallaşması üçün daha çox dialoq və müşavirələrin keçirilməsini vacib sayır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR