Azərbaycan təhsil nazirliyinin nümayəndələri Siqnaxidə fiziki qüsurlu uşaqlar üçün təhsil mərkəzinin açılışında iştirak ediblər

Azərbaycan təhsil nazirliyinin nümayəndələri Siqnaxidə fiziki qüsurlu uşaqlar üçün təhsil mərkəzinin açılışında iştirak ediblər
# 26 oktyabr 2012 22:50 (UTC +04:00)
Siqnaxi. Nizami Məmmədzadə-APA. Gürcüstanın Siqnaxi şəhərində fiziki qüsurlu uşaqlar üçün (DİSTAN) təhsil mərkəzinin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycan Təhsil Nazirliyinin “Sağlamlıq imkanları məhdud olan uşaqlar” layihəsinin rəhbəri Salam Əliyev və Bakıdakı 20 nömrəli məktəb-liseyin direktoru Sabir Məmişov və Azərbaycandan gələn digər nümayəndə heyət üzvləri, o cümlədən Siqnaxi bölgəsinin Sosial Təminat Şöbəsinin direktoru Zurab Zurabişvili, Siqnaxi Musiqi Məktəbinin direktoru Ketevan Rayboli və Siqnaxi internat məktəbinin rəhbəri Qela Qliqvalişvili və gürcü ziyalıları və digər rəhbər şəxslər iştirak ediblər.
Tədbirdə belə bir məktəbin Bakı şəhərində də fəaliyyət göstərildiyi qeyd olunub.
“Sağlamlıq imkanları məhdud olan uşaqlar” layihəsinin rəhbəri Salam Əliyev APA-ya açıqlamasında Siqnaxidə Azərbaycan dilini öyrənmək istədikləri üçün sağlamlıq imkanları məhdud olan iki azərbaycanlı uşaqlardan Roman Əliyev və Məmməd Karsanaşvilinin yaşadığı bölgədən “Nitq qüsurlarının sosial terapiyası” cəmiyyətinin rəhbərliyi adından bu ilin sentyabrın 15-də Azərbaycan Təhsil Nazirliyinə məktub daxil olduğunu bildirib. “Bu məktuba təhsil naziri Misir Mərdanov müsbət cavab verib. Həmin gürcü cəmiyyətinin rəhbərliyi iki azərbaycanlı uşağın fiziki qüsurlu uşaqların təhsilinə qoşulmasını xahiş etmişdi. Bu gün biz bu məktubla əlaqədar Siqnaxi şəhərinə gəlmişik. Nazir bu iki azərbaycanlı uşağın Bakı şəhərindəki 20 nömrəli məktəb liseyindəki DİSTAN təhsili sisteminə qoşularaq, Azərbaycan dilini öyrənmələri üçün razılıq verib. Biz sağlamlıq qüsuru olan bu iki nəfər azərbaycanlı uşaqlar üçün iki ədəd kompüter, qulaqcıqlar və İTK avadanlıqları gətirmişik.”
Salam Əliyev əlavə edib ki, Azərbaycanda fiziki qüsurlu uşaqların təhsili ilə “Elektron təlimləndirən sistemlər” adlı layihələr fəaliyyət göstərir. Hal-hazırda bu layihə Bakı şəhərində həyata keçirilir. “Azərbaycan prezidenti İlham Əliyevin 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında” sərəncamını rəhbər tutaraq, həmin iki soydaşımızın doğma Azərbaycan dilini öyrənməsi məsələsi Siqnaxi tərəfindən xahiş olunub. Biz yerindən, zamanından asılı olmayaraq hər vaxt soydaşlarımızın Azərbaycan dilini öyrənmələri üçün hər bir şərait yaratmağa hazırıq. Bu gün də biz bu missiyanı həyata keçirdik,” Salam Əliyev bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR