Azərbaycanın İrandakı səfiri Qərbi Azərbaycan vilayətinin valisi ilə görüşüb

Azərbaycanın İrandakı səfiri Qərbi Azərbaycan vilayətinin valisi ilə görüşüb
# 07 mart 2014 11:34 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gün Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov İranın Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət ilə görüşüb.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Urmiya şəhərində baş tutan görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

C.Axundov bildirib ki, İran və Azərbaycan xalqları arasındakı mövcud mədəni ortaqlıq və yaxın qohumluq əlaqələri tarix boyu davam edib: “Hər iki ölkənin rəsmiləri bu tarixi dostluqdan yararlana bilərlər. Eyni zamanda İranla Azərbaycan arasında ticarət və iqtisadiyyat sahəsində əlaqələrin yüksəldilməsini təmin etmək olar. Biz bu sahədə əminik”.

Səfir iki ölkə arasındakı mədəni, ictimai və dini ortaqlığa da toxunub: “Mən İran İslam Respublikasında olarkən özümü qürbətdə hiss etmirəm. Bu yaxınlıq hissi Urmiya kimi şəhərlərdə daha çox hiss olunur”.

C.Axundov bir neçə ay əvvəl İran və Azərbaycan prezidentlərinin İsveçrədəki səmimi görüşündən də danışıb: “Bu görüş iki ölkə arasındakı əlaqələrin səviyyəsinin çox yaxşı olduğunu göstərdi”.

Səfir həmçinin deyib ki, İranla Azərbaycan arasında ticarət və iqtisadiyyat mübadiləsinin yüksəldilməsi üçün daha çox müzakirələrə ehtiyac var: “Bu işi yerinə yetirmək üçün ən mühüm faktorlardan biri iki ölkə arasında imzalanmış müqavilələrə daha çox diqqət verilməsidir”.

Eyni zamanda C.Axundov İran xarici işlər nazirinin müavininin Azərbaycana səfər edəcəyini də vurğulayıb: “Səfər iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi məqsədi daşıyır. Mən də bu səfərdə İran xarici işlər nazirinin müavinini müşayiət edəcəyəm. Biz ümid edirik ki, səfərin nəticələri çox yaxşı olacaq”.

Səfir İranın Azərbaycanla yaxşı qonşuluq münasibətlərində olmasını yüksək qiymətləndirib: “Azərbaycan İranla münasibətlərə çox əhəmiyyət verir və iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır”.

Q.Səadət isə öz növbəsində İranın Qərbi Azərbaycan vilayətinin qonşu ölkələrlə iqtisadi əlaqələrini daha çox genişləndirməyə çalışdığını söyləyib: “Azərbaycan və İran arasında mədəni və iqtisadi əlaqələr yeni deyil və çox keçmiş tarixi var. Bu tarixi əlaqələr ticarət və iqtisadiyyat sahəsində mübadilənin artırılması üçün çox səmərəli ola bilər. İki ölkə arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün səylər vacibdir və bununla bağlı mühüm addımlar atılmalıdır. İranın Qərbi Azərbaycan vilayəti sərhəd qonşusu olan Naxçıvan Muxtar Respublikası ilə iqtisadi mübadilənin artırılmasını önəmli fürsət sayır. Biz Azərbaycan Respublikasının İranın Qərbi Azərbaycan vilayəti və Naxçıvan arasında gediş-gəlişin asanlaşdırılması istiqamətində addım atmasını gözləyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR