Deputatlığa namizəd Adil Əliyev keçmiş deputatın ona qarşı iradlarına cavab verib

Deputatlığa namizəd Adil Əliyev keçmiş deputatın ona qarşı iradlarına cavab verib
# 15 oktyabr 2015 14:06 (UTC +04:00)

Bakı-APA. “Deyəsən apardığım uğurlu seçki kampaniyam müxaliflərimin sayını artırır. Bundan çəkinmirəm. Demək düz yoldayam”.

APA-nın məlumatına görə, bu barədə Milli Məclisin deputatı, deputatlığa namizəd Adil Əliyev bildirib. Deputatlığa namizəd qeyd edib ki, indi də ona qarşı keçmiş millət vəkili Hüseyn Abdullayevi danışdırıblar: “Bu günlərdə məndən müsahibə götürən jurnalistlərdən biri Hüseyn Abdullayevin vaxtilə millət vəkilliyindən uzaqlaşdırılması ilə bağlı sual verib, cavabımda həmin olayla bağlı öz düşüncələrimi bölüşmüşəm. İstəyən “Qaynar Qazan” layihəsinin ikinci hissəsində yayınlanan müsahibəmi bir daha nəzərdən keçirə bilər. İndi Hüseyn Abdullayev guya özlüyündə mənə cavab verib, “nala-mıxa vurduğumu” deyib. Doğrusu, bu adda şəxsi unutmuşdum, çünki çoxdandır, xəbəri də gəlmir. Yenə Azərbaycanda olanda mahnıdan-flandan bəstələyirdi, adını ara-sıra kliplərdən eşidirdik. İndi onu da yadırğayıb. Yəqin Almaniyada “ilham pərisi” qeybə çəkilib. Hüseyn Abdullayev, mən sənin təbirincə desək, “nala-mıxa vurmuram”. Səndən fərqli olaraq, bir yerə vururam. Bəli, mən prezidentimiz İlham Əliyevin siyasi kursunu dəstəkləyirəm və bu kursa da sadiqəm. Mən başqaları kimi dünən hakimiyyəti, bu gün müxalifəti dəstəkləyənlərdən deyiləm. 180 dərəcə dönüklük əqidəli insanların işi deyil. Hakimiyyəti bəyənməyən mübarizəsini vətənində aparar. Uzaq Avropada məskən salıb ona-buna mesaj göndərməkdən mənasız iş yoxdur, bəlkə də heç başqa işi də yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR