Azərbaycan millisinin baş məşqçisi: “Çalışacağıq ki, situasiyanı öz xeyrimizə dəyişək”

Azərbaycan millisinin baş məşqçisi: “Çalışacağıq ki, situasiyanı öz xeyrimizə dəyişək”
# 12 oktyabr 2020 20:40 (UTC +04:00)

“Monteneqro millisi ilə oyunda öz səhvlərimizdən qapımızda qollar gördük və nəticədə məğlub olduq”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis Millətlər Liqasının sabah Albaniyada keçiriləcək Kiprlə oyununa həsr olunan mətbuat konfransında iştirak edib. De Byazi Elbasan şəhərində baş tutacaq görüş barədə fikirlərini açıqlayıb: “Sabah çalışacağıq ki, situasiyanı öz xeyrimizə dəyişək və məğlubiyyəti unutduraq. Heyətdə zədəli və cəzalı futbolçuların olması müəyyən dəyişikliklər etməyimizə səbəb olub. Komandanın kapitanı Maksim Medvedev zədəli olduğu üçün oynaya bilməyəcək. Həmçinin, digər zədəli futbolçularımız - Təmkin Xəlilzadə və Əli Qurbaninin oynayıb-oynamayacağı sabah keçiriləcək müayinədən sonra məlum olacaq. Heyətdəki dəyişikliyə gəlincə, cəzalı olan Bədavi Hüseynovun əvəzinə Elvin Bədəlov, Maksimin yerinə isə Azər Salahlı oynayacaq. Oyun sistemində hər hansı dəyişiklik olmayacaq. Kipr və Monteneqroya qarşı necə oynamışdıqsa, yenə eyni sistemdə mübarizə aparacağıq. Ancaq rəqibdən və oyunun gedişindən asılı olaraq, ehtiyac olarsa, taktiki gedişlərdə dəyişiklik edəcəyik”.

Qeyd edək ki, C liqasının 1-ci qrupunun “Elbasan Arena”da baş tutacaq IV turunun qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR