Mehman Allahverdiyev: “Kəpəz”in Premyer Liqada iştirakı üçün sponsorlar tapmışam”

Mehman Allahverdiyev: “Kəpəz”in Premyer Liqada iştirakı üçün sponsorlar tapmışam”
# 04 fevral 2021 11:11 (UTC +04:00)

“Kəpəz”lə Premyer Liqa klubları arasında fərq böyükdür”.

Bunu apasport.az saytına “Kəpəz”in sabiq prezidenti Mehman Allahverdiyev komandanın Azərbaycan kubokundakı çıxışına münasibət bildirərkən deyib.

1/8 finalda “Sabah”ı mübarizədən kənarlaşdıran Gəncə təmsilçisi 1/4 finalın ilk matçında Bakıda “Keşlə”yə 0:1 hesabı ilə yenilib və yarımfinal şansını davam etdirir. Allahverdiyev uğurlu çıxışa baxmayaraq, I divizion komandasının Premyer Liqaya hazır olmadığı qənaətindədir: “Bir çiçəklə bahar olmaz. Düzdür, “Kəpəz” 1/8 final mərhələsində “Sabah”a qarşı yaxşı oynadı, mərhələ adladı. Ancaq bu o demək deyil ki, komanda Premyer Liqaya hazırdır. Orada oynamaq üçün heyətdə köklü dəyişikliklər olmalıdır. İndiki heyət elitada 1-2 oyundan sonra çatdırmayacaq”.

61 yaşlı funksioner yenidən “Kəpəz”ə prezidentlik etmək istəyir və artıq sponsorlar tapıb: “Neçə ildir eşidirik ki, Premyer Liqada komanda sayı 10-a yüksələcək, “Kəpəz” elitaya qayıdacaq. Amma təəssüf ki, bununla bağlı heç bir addım atılmayıb. Deyirdilər ki, sponsorlar olsa, komanda sayı artırılacaq. Ötən il bunun reallaşmamasında pandemiyanın da təsiri oldu. Allah qismət eləsə, mən özüm də “Kəpəz”ə qayıtmağı gözləyirəm. Ancaq AFFA-dan bununla bağlı əlaqə saxlayan yoxdur. Komanda üçün az iş görməmişəm. Bunun fonunda olan haqsız münasibət adama ağır gəlir. Yenidən prezident kimi “Kəpəz”ə rəhbərlik etmək istəyirəm. Gəncədə iş adamları var. Onlarla da danışığım olub. Dedilər ki, komandaya mən rəhbərlik etsəm, köməklik göstərəcəklər. Yəni demək olar ki, Premyer Liqada iştirak üçün sponsorlar tapmışam”.

Qeyd edək ki, Mehman Allahverdiyev “Kəpəz”də həm futbolçu, həm baş məşqçi, həm də prezident kimi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR