UEFA 21 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsini qəbul edəcək 3-cü ölkənin axtarışına çıxıb.
Apasport.az saytının məlumatına görə, D qrupunun oyunlarını qəbul edəcək ölkənin adı hələ də müəyyənləşməyib.
Bu dəfəki final mərhələsi iki hissədən ibarət olacaq. Martın 24-31-də qrup oyunları təşkil ediləcək. A və C qruplarında oyunlarına Macarıstan, B qrupuna isə Sloveniya ev sahibi olacaq. Sonuncuların D qrupunun görüşlərini qəbul etməsini mümkünsüz sayan UEFA bu matçlar üçün yer axtarmağı lazım bilib.
Qitə futbol qurumu bu görüşləri qəbul etməkdə maraqlı olan bütün ölkələrə vaxt verib. Onlar oktyabrın 30-u Bakı vaxtı ilə saat 19:00-dək niyyətlərini təsdiqləməlidir. UEFA-nı qane edəcək müraciət olmasa, Sloveniya variantının özü də qüvvədə qalacaq.
Qeyd edək ki, final mərhələsinin 1/4, 1/2 və final qarşılaşmaları mayın 31-dən iyunun 6-dək Macarıstanla Sloveniyada keçiriləcək.