Rəis: "Mənşəyi məlum olmayan ətlərin müayinəsindən sonra tədbirlər görüləcək"

Rəis: "Mənşəyi məlum olmayan ətlərin müayinəsindən sonra tədbirlər görüləcək"
# 01 dekabr 2015 10:11 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Noyabrın 30-da Kənd Təsərrüfatı Nazirliyinə məlumat daxil olub ki, Bərdə şəhərindən mənşəyi məlum olmayan, yararlılığı qida üçün şübhə doğuran ət avtomaşınla Bakı şəhərinə ət gətirilir. Kənd təsərrüfatı naziri Heydər Əsədovun göstərişinə əsasən Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən reyd keçirilməsi məqsədilə qrup yaradılıb”.

APA-nın xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBHX) rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov deyib.

O bildirib ki, Daxili İşlər Nazirliyinin karantin-polis bölməsinin əməkdaşlarının iştirakı ilə reyd keçirilib: “Reyd zamanı Bakı şəhərinin Qaradağ rayonu ərazisində mənşəyi məlum olmayan, yararlığı şübhə doğuran 5 tona yaxın heyvan cəmdəkləri aşkar olunub. Respublika baytarlıq laboratoriyasında yoxlanması üçün heyvan cəmdəklərindən nümunələr götürülüb. Respublika baytarlıq laboratoriyasında nümunələrin müayinəsi başa çatdıqdan sonra qanuna müvafiq şəkildə ciddi tədbirlər görüləcək”.

A. Süleymanov əlavə edib ki, saxlanılan şəxslərin izahatlarına əsasən Bərdə şəhərində də müvafiq reyd keçirilib: “Bərdə şəhər sakini Seyfəddin Novruzovun yaşadığı evin həyətində olan soyuducu kameralardan da 20 tondan yuxarı mənşəyi məlum olmayan, yararlılığı qida üçün şübhə doğuran heyvan cəmdəkləri aşkar olunub. Həmin heyvan cəmdəklərindən də nümunələr götürülərək respublika baytarlıq laboratoriyasına təhvil verilib. Eyni zamanda aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına sənədlər təqdim olunacaq”.

A. Süleymanov qeyd edib ki, nazir H. Əsədovun tapşırığına əsasən bu reydlər respublika ərazisində mütəmadi olaraq davam etdiriləcək, qanuna müvafiq ciddi tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR