Azərbaycan prezidenti: “SOCAR böyük maraqla Vyetnamda işləmək üçün səylər göstərir”

Azərbaycan prezidenti: “SOCAR böyük maraqla Vyetnamda işləmək üçün səylər göstərir”
# 14 may 2015 14:02 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycan-Vyetnam sənədlərinin imzalanması mərasimindən sonra mətbuata açıqlamasında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

İ. Əliyev qeyd edib ki, hər iki tərəf ilk növbədə ikitərəfli əlaqələri genişləndirmək fikrindədir: “İlk növbədə, siyasi əlaqələrimiz inkişaf edəcək. Hazırda siyasi əlaqələr çox yüksək səviyyədədir. Qarşılıqlı səfərlər bunu təsdiqləyir. Eyni zamanda, biz beynəlxalq təşkilatlar çərçivəsində də çox uğurla əməkdaşlıq edirik, bir-birimizi dəstəkləyirik. Bu gün aparılan danışıqlar nəticəsində qərara gəldik ki, gələcəkdə də bütün beynəlxalq təşkilatlarda biz bir-birimizi dəstəkləyəcəyik. Bu, çox önəmli məsələdir. Çünki bu, ikitərəfli əlaqələrin yüksək səviyyəsini əyani şəkildə göstərir”.

Azərbaycan prezidenti vyetnamlı həmkarı ilə iqtisadi sahədə görülən işlər haqqında fikir mübadiləsini apardığını da diqqətə çatdırıb. “Müsbət haldır ki, aramızda olan ticarət dövriyyəsi yüksək səviyyədədir, daha da yüksələ bilər. Buna nail olmaq üçün konkret tədbirlər planı hazırlanmalıdır. Biz bu barədə də danışdıq. Hesab edirəm ki, ticarət dövriyyəsinin artırılması üçün yaxşı imkanlar var. Qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edildi. Bu sahədə də həm Vyetnam, həm Azərbaycan şirkətlərinin artıq təcrübəsi var. Bu gün keçiriləcək biznes forumda əminəm ki, iki ölkənin biznes qurumları da bu məsələ ilə bağlı öz sözünü deyəcəklər. Bir sözlə, iqtisadi və ticarət əlaqələrimiz bizim ümumi əməkdaşlığa çox müsbət təsir göstərir və gözəl perspektivlər də var”, - deyə o vurğulayıb.

Neft-qaz sahəsində əməkdaşlıqla bağlı məruzələrin dinlənildiyini deyən İ. Əliyev qeyd edib ki, bu sahədə çox gözəl təcrübə var: “Vaxtilə Azərbaycan mütəxəssisləri Vyetnamda neft-qaz sahəsində işləyiblər, öz təcrübələrini bölüşüblər. Bu gün də buna imkan var. Bu gün biz artıq Vyetnam şirkətlərini Azərbaycana dəvət edirik. Azərbaycanda zəngin neft-qaz yataqları var. İstərdik ki, Vyetnam şirkətləri də bizim yataqlarımızda, onların işlənməsində iştirak etsinlər. Eyni zamanda, Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR da artıq beynəlxalq enerji şirkətinə çevrilib və böyük maraqla Vyetnamda işləmək üçün səylər göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR