Türkiyəli rəssam: “Bütün ədəbsizliklərin əsas səbəbi uşaqların erkən yaşlarda sənətlə tanış edilməməsidir” - MÜSAHİBƏ

Türkiyəli rəssam: “Bütün ədəbsizliklərin əsas səbəbi uşaqların erkən yaşlarda sənətlə tanış edilməməsidir” - <span style="color: red;">MÜSAHİBƏ
# 15 noyabr 2016 07:40 (UTC +04:00)

Müasir türk rəsm və keramika sənətinin tanınmış siması Fəzilət Kəndirçinin APA-ya müsahibəsi

- Şəkil çəkməyə nə vaxt başladınız?

- Malatyada ibtidai məktəbdə oxuyanda.

- Yəni, 40 ildən bəri bu işlə məşğulsunuz.

- Yox, çox nəzakətlisiniz, Mayis bəy. 54 yaşım var, amma siz mənim yaşımı yazmayın. (Gülür – M. Ə.) 1960-cı illərin axırında başlamışam, təxminən 45 il olub. Çənəm ibtidai məktəb müəllimimin masasına dəyərdi və o tənəffüslərdə daima mənə şəkil çəkdirərdi.

- O vaxtın müəllimləri istedadlı şagirdlərə xüsusi diqqət yetiriblər, bu gün də eyni vəziyyət varmı?

- Bu gün çox az da olsa, var. Mən dərs deyirəm, valideynlər bağçaya gedən uşaqlarını məndən dərs almağa gətirirlər, mən də onların hamısıyla ayrı-ayrılıqda məşğul oluram. ilk sərgimi ibtidai məktəbdə açmışdım, bu, sənətə həvəsi olan hər bir şagird üçün çox mühüm hadisədir. Uzun müddət o tablolarımı saxlasam da, bir neçə il qabaq oğurlandı.

- Orhan Pamukun dediyi kimi, Türkiyədə şəkil çəkmək “müsəlman məhəlləsində salyanqoz satmaq”la eyni şeydirmi?

- İndi elədir, ancaq bizim vaxtımızda hər şey çox fərqli idi. İbtidai məktəb müəllimim mənim üçün idol qadın idi.

- 20 ildən bəri mən sizi türk rəsm sənətinin ən qaynar nöqtələrində görürük. Özünüzü türk rəsm sənətinin hansı məktəb və ənənəsinin içində hiss edirsiniz?

- Mehmet Güləryüzün məktəbində qısa müddət də olsa çalışmağım mənə çox şey verdi. Yusuf Taktak çox yaxşı müəllimdir, onun emalatxanasında elmi formatda dərs verilir. Sənət akademiyasında mühüm sənətkarların dərslərinə gedib sertifikalar aldım, 49 yaşımda isə Yıldız Texniki Universitetinin keramika bölümündən məzun oldum. Nə qədər inadkar olduğumu görürsünüz. Özümü də adını çəkdiyim insanların təmsil etdikləri məktəblərə aid hiss edirəm.

- Son illərdə Türk rəsm sənətində konyukturaya alət olma xəstəliyi yarandı: rəsm, keramika, mozaika əsərlərində dini simvollardan istifadə yerli-yersiz şəkildə başını alıb gedir. Mehmet Güləryüzün bu konyukturanı sərt şəkildə tənqid etməsinə Orhan Taylan, Yusuf Taktak, Bədri Baykam da dəstək verdilər. Bu barədə sizin fikriniz nədir?

- Tənqidi fikirlərin hamı üçün konstruktiv olmasının lüzumuna inanıram. 10 gün əvvəl “Contemporary İstanbul” beynəlxalq yarmarkası açıldı, 4 gün davam edən yarmarkanı sadəcə, ticarət düşüncəsiylə keçirsəniz, sənətə tam şəkildə xidmət edə bilməzsiniz. İnsanlar o yarmarkalara təkcə tablolara baxmağa, kolleksiyaçılar təkcə almağa yox, eyni zamanda, düşünməyə gəlməlidirlər. Sənət əsəri məni düşündürə bilmirsə, tamamilə ticari işlərə hesablanıb. Hər bir sənətkarın dərdi olmalıdır, sənət o dərdin içindən çıxmalıdır, əsərə baxanlar o dərdin, heç olmasa, bir hissəsini hiss etməlidirlər.

- Türk rəsm sənətində özünüzü hansı nəsil və ənənənin davamçısı kimi görürsünüz?

- Ad verməkdən daha çox, mən bu məsələyə sənətkarın apardığı mübarizə, müdafiə etdiyi fikir və prinsiplər nöqtəsindən baxıram. Sənətkarın çəkib divara asdığı, sənətşünasların önünə çıxardığı əsərlərdəki cəsarət məni çox təsirləndirir. Özümdən əvvəlki nəsilləri dəyərləndirərkən əsas kriteriya kimi bunu qəbul edirəm. Məsələ mənim təsirləndiyim sənətkarlar deyil, bu torpaqlarda bu qədər sənət ənənəsi olduğu halda, sənətkarlarımızın yad ənənələr dalınca qaçmasıdır. Mən buna üzülür və qarşı çıxır, torpaqlarımızdakı ənənələrin əsərlərimizdə öz əksini tapmasını istəyirəm. Biz o ənənələrlə niyə münasibət yaratmırıq?

- Təxminən 10 ildən bəri İstanbulda və başqa şəhərlərdəki qalereyalara basqınlar olur, “toplumun əxlaqını pozan” əsərlər cırılır, yandırılır. Bu durum sizi narahat edirmi?

- Türkiyədə sənət muzeyləri yoxdur, əgər uşaqları kiçik yaşlarından sənətə öyrəşdirməsəniz, qalereyalara hücum etməyi bir tərəfə qoyun, küçəyə tüpürməyin də qarşısını ala bilməzsiniz, lütfən, bunu yazın. Bütün ədəbsizliklərin əsas səbəbi ölkədə muzeyin olmaması və uşaqların ən erkən çağdan sənətlə tanış edilməməsidir. Sənətkar öz əsərini yaratmaq üçün qan-tər içində mübarizə aparır, o əsərləri geniş ictimaiyyət nə qədər çox tanıyarsa, toplumdakı kriminogen vəziyyət də minimuma enər. Mənim 2 oğlum var, onları sənətlə iç-içə böyütmüşəm, Allah eləməsin, onlar gedib qalereya basarsa, bunun günahı məndə olardı. İzmirdə heykələ hücum edən adam var, onu müalicə etsən, nə dəyişəcək? Arxadan başqaları gəlir. Bu ölkə dünyanın ən qədim sənətlərinin mərkəzi sayılır, ancaq halımıza baxın: qalereyalara hücum edilir, qısa paltar geyinən qızlar qətlə yetirilir, qadınlar küçədə döyülür. Hər şeyi başdan başlayaraq insanları rəsm sənətinin təkcə çılpaq qadından ibarət olmadığını izah etməliyik. Hamı anlamalıdır ki, evinin divarındakı xalça sənət əsəridir, məscidlər sənət əsəridir, gördüyünüz bu keramika qabları sənət əsəridir. Gedib məsciddə namaz qılırsan, ancaq oranın bir sənət əsəri olduğunun fərqində deyilsən. Sənətin sadəcə, çılpaq qadından ibarət olduğuna dair cılız və bəsit düşüncə tərzindən xilas olsaq, qalereyalara basqınlar da olmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR