ABŞ Dövlət Departamentinin rəsmisi: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndiririk”

ABŞ Dövlət Departamentinin rəsmisi: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndiririk”
# 22 noyabr 2016 16:38 (UTC +04:00)

“Azərbaycanla əməkdaşlığın davam etdirilməsinə dərin bağlılıq və sadiqliyimizi yenidən bildirmək istəyirik”.

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricet Brink deyib.

Onun sözlərinə görə, ABŞ müstəqil, sabit və demokratik inkişaf edən Azərbaycanla birlikdə hərəkət etməyə davam edəcək. B. Brink Azərbaycanda prezident İlham Əliyev, xarici işlər naziri, vətəndaş cəmiyyəti üzvləri, siyasi partiyaların nümayəndələri ilə görüşdüyünü bildirib: "Görüşlərdə ikitərəfli əlaqələri daha da inkişaf etdirməyin yollarını müzakirə etdik. Bununla yanaşı təhlükəsizlik məsələlərinə toxunduq. Terror və transmilli cinayətkarlıqla mübarizə, habelə iqtisadi, energetika məsələsi müzakirə olundu. Azərbaycanın bu sahədə əldə etdiyi uğurları və iqtisadi artımı müzakirə etdik. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu yüksək qiymətləndiririk. Azərbaycanın iqtisadi planlarını, islahatları nəzərdən keçirdik. Bu addımların korrupsiyanın azaldılması və şəffaflığın təminində rolu vurğulandı”.

Dövlət Departamenti rəsmisinin sözlərinə görə, görüşlərdə həmçinin hüquq-məhkəmə sistemi müzakirə edilib, İlqar Məmmədovun məsələsinə toxunulub. Azərbaycan prezidentinin xarici qrantlarla bağlı imzaladığı sərəncamı yüksək qiymətləndirdiyini deyən diplomat qeyd edib ki, istənilən demokratik cəmiyyətin əsas azadlıqları olan media azadlığı, sərbəst toplaşma və güclü vətəndaş cəmiyyəti böyük əhəmiyyət kəsb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR