Müsavat Məclisinin sədri ADR-də təmsil olunan partiya üzvlərinə müraciət edib

Müsavat Məclisinin sədri ADR-də təmsil olunan partiya üzvlərinə müraciət edib
# 19 mart 2015 11:16 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı başqanlığa sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan partiya üzvlərinə müraciət edib.

N. Sadıqlı APA-ya açıqlamasında partiya üzvlərinin iki qurumdan birini – ya ADR-i, ya da Müsavatı seçməli olduqlarını vurğulayıb: “Azərbaycan Demokratiya və Rifah Hərəkatı indi ictimai təşkilat olsa belə, gələcəkdə partiyaya çevriləcək. Ona görə də mən müsavatçılara müraciət etmək istəyirəm ki, ya ADR-i, ya da Müsavatı seçsinlər. Həm Müsavatda, həm də ADR-də olmaq mümkün deyil. Həm də ADR-in müxalifyönlü və ya iqtidaryönlü təşkilat olacağı da məlum deyil”.

N. Sadıqlı qeyd edib ki, Q. İbadoğlu və tərəfdarlarının ADR-i yaratmaqda məqsədi Müsavatı parçalamaq idi və bu istiqamətdə də fəaliyyətlərini davam etdirirlər: “Ona görə də müsavatçılar özləri seçim edib, ya ADR-i, ya da Müsavatı qəbul etməlidirlər. Əvvəldən Qubad İbadoğlu və tərəfdarları istəyirdilər ki, Müsavatı parçalamaq görüntüsü yaradaraq, ona alternativ qurum yaratsınlar”.

ADR Hərəkatının sədr müavini, Müsavat Məclisinin üzvü Vurğun Əyyub isə APA-ya açıqlamasında N. Sadıqlının fikirləri ilə razılaşmayıb, hərəkatın Müsavata alternativ yaradıldığı barədə arqumentlərini əsassız adlandırıb: “Müsavatın strukturları, yəni İcra Aparatı, Mərkəzi Nəzarət-Təftiş Komissiyası və digər orqanlar başqa partiyalarda da var. Məncə, Nüşabə Sadıqlının bu yanaşması sadəcə, irad bildirmək xatirinədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR