Azərbaycan cüdoçusu dünya reytinqində liderliyə yüksəlib

Azərbaycan cüdoçusu dünya reytinqində liderliyə yüksəlib
# 13 iyul 2015 11:31 (UTC +04:00)

Bakı – APA. Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahı Azərbaycan idmançıları üçün uğurlu alınıb.

Belə ki, millimizin liderlərindən Orxan Səfərov 60 kq çəki dərəcəsində birinciliyi ələ alıb. Bakı-2015-in gümüş mükafatçısı ən yaxşın izləyicisi Boldbaatar Qanbatı (Monqolustan) 39 xal qabaqlayır. Onun kimi Rüstəm Orucov da siyahıya başçılıq etməyə başlayıb. 2036 reytinq xalı olan həmyerlimiz 73 kq çəki dərəcəsində əsas rəqibi israilli Saqi Mukini 324 xal geridə qoyub.

Səfərovla Orucovdan fərqli, Elmar Qasımov (100 kq) mövqeyini əldən verib. Bakı-2015-də millimizin bayraqdarı olan cüdoçu ikinci pilləyə enib.

Komandamızın digər üzvlərinə gəlincə, Nicat Şıxəlizadə (66 kq) 1 rəqibini arxada qoyaraq, 8-ci yerə qalxıb. Həmçinin Tərlan Kərimov (66 kq), Ramin Qurbanov (90 kq), Elxan Məmmədov (100 kq) və Uşqanqi Kokauri (+100) mövqelərini qoruyublar. Onlar yenə müvafiq olaraq, 37-ci, 45-ci, 13-cü və 38-cidi.

Həmyerlilərimizdən İlqar Müşkiyevlə (60 kq) Kifayət Qasımova (57 kq) isə geriləyənlər sırasındadı. Onlar müvafiq olaraq, 19-cu (-2) və 45-ci pilləyə eniblər.

Qeyd edək ki, cüdo idman növündə Olimpiadaya lisenziya reytinq xalına əsasən verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR