“Qarabağ”ın və Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadovun apasport.az saytına müsahibəsi
- Sabiq komandanız “Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin son turunda “Bazel”in qonağı olacaq. Bugünkü matçdan nə gözləyirsiniz?
- Məncə, “Qarabağ” öz vəzifəsini artıq yerinə yetirib, ən azı pley-offa vəsiqəni təmin edib. Uğur komandanın yanında olsa, “Qarabağ” bu görüşdə də qalib gələcək. Qrup birinciliyi daha çox maddi qazanc deməkdir. Bu, ola da bilər, olmaya da. Mövsümün əvvəlində deyilsəydi ki, “Qarabağ” qrupda ikinci olacaq, hamı razılaşardı. Amma indi qrup birinciliyi qarşıda duran hədəfdir. Bu özü böyük uğurdur. Bütün futbol ictimaiyyəti, azarkeşlər kimi, biz də “Qarabağ”ın qələbəsini arzulayırıq. Düşünürəm ki, pley-offa yollansaq belə, bu komanda barədə artıq-əskik nəsə deməyə dilimiz gəlməz. Yalnız yaxşı, zədəsiz oyun, qələbə və yeni reytinq xalları arzulayıram.
- “Qarabağ” ikinci yeri tutarsa, pley-offda yarışacaqsa, birinci olacağı təqdirdə 1/8 finala yollanacaq. Bu amil axşamkı qarşılaşmanın prinsipiallığını artırır, yoxsa indiki durumla kifayətlənmək olar?
- “Qarabağ” işini artıq görüb. 1/8 finala yollanmağı kim istəməz? Çünki birbaşa ora yollananda daha çox pul qazanırsan, iki oyundan azad olursan. Pley-offa getsə belə, “Qarabağ”ı qınamaq olmaz.
- Ancaq “Omoniya” ilə ötən tur matçındakı bərabərliklə liderlik əldən çıxdı. Komanda birinci yeri tuta bilməsə, buna görə hakimləri, yoxsa özünü günahlandırmalıdır?
- Hakimlər də, komanda da səhvlər edə bilər. Amma ümumi götürdükdə “Qarabağ” “Omoniya”ya qarşı gözəl oyun keçirdi, kifayət qədər qol imkanı yaratdı. Sadəcə, bəxtsizlik oldu. Nəzərə alaq ki, hesabda geridə olarkən önə keçməyi bacardı. Son dəqiqədə mərkəzdən buraxılan qola gəlincə, futbolda belə şeylər olur. Hələ mövsüm başlayanda heç kim deyə bilməzdi ki, “Qarabağ” qrupda ilk iki yerdən birini tutacaq. Bu komanda bizləri artıq sevindirib. Yenə də böyük uğura imza atacaqlarına inanıram.
- “Bazel” öz meydanında yəqin ki, Bakıdakı kimi müdafiə futbolu sərgiləməyəcək. Bu amil “Qarabağ”ın xeyrinə, yoxsa ziyanınadır?
- “Bazel” adlı-sanlı komandadır, evdə tam başqa futbol oynayır. “Qarabağ” üçün çox çətin olacaq. Azarkeşlərinin böyük dəstəyi altında çıxış edirlər. Azarkeşlərin komandanı irəli atması ilk dəqiqələrdən hiss olunacaq. Amma “Bazel” “Qarabağ”ı bununla qorxuda bilməz. Çünki Azərbaycan klubu belə şeylərə öyrəşib. Həlledici məqam futbolçuların matça psixoloji cəhətdən necə hazır olmasıdır. Oyunçularımızın motivasiyası qaydasında olsa, qələbə qazanacağıq.
- “Qarabağ”ın prezidenti Tahir Gözəl müsahibəsində Konfrans Liqasını qazanmağı arzuladıqlarını bildirib. Sizcə, bunun reallaşması nə dərəcədə mümkündür?
- Hər şey “Qarabağ” futbolçularının öz əlindədir. “Bazel”ə qalib gəlib 1/8 finala adlasalar, finala yüksəlmək üçün 3 rəqibi üstələmək kifayət edəcək. Ona görə də hər şey mümkündür. 2004-cü ildə heç kim Yunanıstandan Avropa çempionluğunu gözləmirdi. Futbolun gözəlliyi də ondadır ki, hər an hər şey yaşana bilər. Əsas odur ki, Tahir bəyin hədəfi var. Bunu deyirsə, deməli, onu reallaşdırmaq niyyətindədirlər. Komandanın nəticələrinə, ortaya qoyulan işə görə bu hədəf qoyulur.