Avropa Oyunlarında səhiyyə xidməti necə təşkil olunacaq? - XÜSUSİ REPORTAJ - VİDEO

Avropa Oyunlarında səhiyyə xidməti necə təşkil olunacaq? - <span style="color: red;">XÜSUSİ REPORTAJ  - <span style="color: red;">VİDEO
# 03 iyun 2015 07:31 (UTC +04:00)

I Avropa Oyunlarının başlamasına çox az vaxt qalıb. APA TV-nin məlumatına görə, ölkəmizdə keçiriləcək yarışların miqyasını, gözlənilən qonaqların sayını nəzərə alaraq möhtəşəm tədbir zamanı qonaqların və yerli əhalinin sağlamlığının qorunmasının yüksək səviyyədə təmin edilməsi üçün səhiyyə sistemi də xüsusi tədbirlər həyata keçirib.

Nazirliyin sərəncamı əsasında Avropa Oyunlarının keçirilməsi ilə bağlı xüsusi komitə yaradılıb. Səhiyyədə hazırlıq ümumi sanitar-gigiyenik durum, tibb ocaqları, tibbi kadrlar, tibbi avadanlıq və ləvazimatı əhatə edir.

Həkimə ehtiyacı olan şəxslər ilk olaraq təcili yardıma müraciət etdikləri üçün Təcili Tibbi Yardımın təşkilinə böyük önəm verilib. Qonaqlara və Azərbaycan vətəndaşlarına yüksək səviyyəli təcili yardım xidmətlərinin təmin edilməsi məqsədilə müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz olunmuş yeni "Mercedes" markalı Təcili Tibb Yardım avtomobillərinin istismara verilməsi nəzərdə tutulub.

I Avropa Oyunları zamanı yarışların keçirildiyi bütün arenalarda, qonaqların qaldığı otellərdə, Olimpiya şəhərciyində, kütləvi tədbirlərin keçirildiyi yerlərdə Təcili Yardım Xidməti xüsusi növbətçilik sistemi ilə çalışacaq. Bunun üçün Təcili Yardım Xidməti beynəlxalq standartlara uyğun tibbi avadanlıq və ləvazimatlarla təchiz olunub.

Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev hazırlıq prosesindən danışıb: "103 xidmətində Səhiyyə Nazirliyi tərəfindən xüsusi nümayəndələr ayrılıb. Onlar növbə ərzində həkim, orta tibb işçiləri ilə birlikdə qəbul prosesində iştirak edəcəklər. Əgər xarici vətəndaş müraciət edərsə, mükəmməl dil biliyi olan nümayəndələr çağırışların qəbul olunması, onlarla əlaqəyə girməsi üçün tibb personalına kömək edəcək. 22 müəssisə, o cümlədən bu tərkibdə idman tədbirləri keçirilən mərkəzlər var ki, həmin obyektlərdə təcili yardım maşınları növbə çəkəcək. Digər tərəfdən də biz Bakı şəhərinin əhalisinə də xidmət göstərməliyik".

Səhiyyə Nazirliyinin köməkliyi ilə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının təlim mərkəzinin nəzdində dünyada təcili tibbi yardım standartları üzrə təlimlərin təşkili və protokolların hazırlanması ilə tanınan Amerika Ürək Assosiasiyasının nümayəndəliyi vasitəsilə xüsusi təlimçilər hazırlanıb və təlim kursu yaradılıb. Təşkil olunmuş təlim və məşqlərə 400-ə yaxın təcili yardım işçiləri cəlb olunub.

Həkim İzzət Pənah Reyhan deyir ki, təcili yardım səhiyyənin ön cəbhəsi sayılır: “Yüksək səviyyədə ilk Avropa Oyunlarına hazırlıq keçirilir. Bizə gətirilən ambulanslar keçmiş Sovet məkanında yoxdur. İnkişaf etmiş Avropa ölkələrində var. Çünki bütün tibbi avadanlıqlar Avropa standartlarına cavab verir. Təcili yardımın bütün heyəti dil öyrənib. Biz gələn xarici qonaqlara, yerli idmançılara yardım göstərəcəyik”.

I Avropa Oyunları zamanı 25 obyektdə briqadanın fəaliyyət göstərəcəyi və hər gün 35 briqadanın işə cəlb olunacağı gözlənilir. Bunun üçün müasir avadanlıqla təchiz olunmuş 100 yeni təcili yardım maşını alınıb.

Bu maşınların 95-i Bakıda, 5-i isə Mingəçevirdə istifadə olunacaq. Bakıda Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi, Mingəçevirdə isə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanası idmançılara və qonaqlara müvafiq tibbi xidmət göstərilməsi üçün tam hazır vəziyyətə gətirilib. Eyni zamanda, digər şəhər klinik xəstəxanalarında və xüsusiləşdirilmiş stasionar tipli müəssisələrdə müvafiq tibbi xidmətlərin göstərilməsi üçün bütün zəruri şərait yaradılıb. Su və qida məhsullarının təhlükəsizliyi ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlar alınıb.

Oyunlar dövründə Bakı şəhər Təcili Tibbi Yardımın Baş İdarəsində, operativ şöbədə, bölmələrdə rəhbər heyətdən ibarət növbətçilik tərtib olunacaq. Avropa Oyunları dövründə Bakı şəhər təcili yardım həkimləri Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları ilə birlikdə növbə çəkəcəklər. Həkimlərin tıxacda qalmaması üçün Nəqliyyat Nazirliyi və yol polisi ilə təcili yardım arasında birgə əlaqə qurulacaq. Oyunlar zamanı təcili yardım maşınları xüsusi zolaqlarla hərəkət edəcəklər.

I Avropa Oyunlarında zərurət yaranacağı halda, tibbi yardım xidmətinin təşkili məqsədilə ambulans vertolyotlardan da istifadə ediləcək. Həmin vertolyotlardan fövqəladə hallarda istifadə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR