Bakı – APA. “Bakı”nın sloveniyalı futbolçusu Yure Travnerin Azərbaycana qayıtmamağının əsl səbəbi məlum olub. Apasport.az saytının məlumatına görə, 29 yaşlı müdafiəçinin “zolaqlılar”ın düşərgəsinə qayıtmamağı kredit borcu ilə deyil, ölkəmizdən qaçmaq istəyi ilə bağlıdı.
Belə ki, paytaxt təmsilçisinin yolunu gözlədiyi Travner klubdan ayrıldığı iki aya yaxın müddəti boşa verməyib. “Bakı”nın böhran yaşadığı günlərdə özünü kluba sadiq göstərən sloveniyalı yeni iş axtarışı ilə İngiltərəyə yollanıb.
Artıq neçə müddətdi Dumanlı Albionda olan futbolçu “Ridinq”in düşərgəsində məşq keçir. Burada baxışdan uğurla keçən Travner müqavilə ilə bağlı olduğu “Bakı” ilə problemini həll etsə, İngiltərənin 2-ci dəstəsi sayılan Çempionşipdə çıxış edəcək.
Lakin bunun qış fasiləsindən tez olmayacağı bildirilir. Komandanın baş məşqçisi Naycel Adkins bir neçə yoxlama oyununda da sınadığı müdafiəçinin xidmətində maraqlı olduğunu açıqlayıb: “Bizimlə hazırlıq keçən Yurenin oyunu məni qane edir. Onun fiziki hazırlığı da yüksək səviyyədədi. Lakin sənədləri qaydasında olmadığı üçün müqavilə imzalamağımız hazırda mümkün deyil. Çünki hazırda Azərbaycan klubuna məxsusdu. Bu problemini həll edəcəyi halda, az xərclə sıralarımıza qoşulacaq. Buna baxmayaraq, bizimlə məşqlərini davam etdirib, hazırlıqlara qatılacaq”.
Qeyd edək ki, əvvəllər də Böyük Britaniyada çıxış etmiş Travner Şotlandiyada “Sent Mirren”, İngiltərədə “Uotford”un formasını geyib. Sloveniyalı 2013-cü ildən “Bakı”da oynayır.