APA-nın məlumatına görə, “Santyaqo Bernabeu” stadionunda keçirilən “Real Madrid”-“Barselona” qarşılaşmasında qapılara 7 top vurulub.
Hesabı “Barselona” açıb. Messinin ötürməsindən sonra İnyesta 7-ci dəqiqədə fərqlənib. “Real”ın bərabərlik qolunu 20-ci dəqiqədə Benzema vurub.
Benzema 24-cü dəqiqədə komandasını irəli çıxarıb. Messi 42-ci dəqiqədə hesabı bərabərləşdirib. Komandalar fasiləyə 2-2 hesabı ilə yollanıb.
İkinci hissənin əvvəlində Alveş Ronaldunu cərimə meydançasının kənarında yıxsa da, hakim Malenko 11 metrlik cərimə zərbəsi təyin edib.
Cərimə zərbəsini zərərçəkən özü yerinə yetirərək, 55-ci dəqiqədə komandasını önə çıxarıb.
Bundan az sonra Neymarı cərimə meydançasında yıxan Ramos son ümid “foulu”na görə meydandan qovulub, “Real”ın qapısına penalti təyin olunub.
64-cü dəqiqədə penaltini yerinə yetirən Messi topu qapıdan keçirib.
Messi bir də 84-cü dəqiqədə fərqlənib. O, İnyestanın cərimə meydançasında yıxılmasına görə təyin olunan növbəti penaltini qola çevirərək “het-trlk” edib.
Oyun “Barselona”nın 4-3 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbədən sonra “Barselona” “Real”la arasındakı xalq fərqini 1-ə endirib.
Səfərdə “Real Betis”i 2:0 hesabı ilə məğlub edən “Atletiko” “Real”la birinci, ikinci yeri bölüşdürür (hər ikisi 70 xal). “Barselona” 69 xalla 3-cü yerdədir.