Bakı-APA. Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, VI turun oyunları ilə Azərbaycan klubları üçün avrokubok mövsümü başa çatacaq.
Qitə arenasında mübarizəni davam etdirən yeganə təmsilçimiz “Neftçi” qrupda son oyununu İtaliyada “İnter”ə qarşı keçirəcək.
Milandakı oyun 1/16 finala vəsiqə qazanmaq baxımından heç bir əhəmiyyət kəsb etmir. Meydan sahibləri ən azı 2-ci yeri təmin edib. “Neftçi” isə məşhur “Cüzeppe Meattsa” stadionunda xal qazanmaqla, son pillədən qurtula bilər.
Qrupda sonuncu yerdən qurtarmaq üçün bakılılar “Rubin”in qələbəsini gözləməlidir. Çünki şəxsi oyunlara görə (0:0, 1:1) təmsilçimizdən öndə olan “Partizan” evdə rusiyalılardan xal almaqla üçüncü yeri tuta bilər.
Qeyd edək ki, “Neftçi” və “İnter” komandaların Bakıdakı oyununun taleyi ilk hissədə həll olunmuşdu. Fasiləyədək 3 cavabsız qol vuran qonaqlar 2-ci hissədə təmsilçimizin təsəlli qoluna üzülsə də, ölkəmizi 3 xalla tərk edib.
Avropa Liqası
Qrup mərhələsi, VI tur
00:05. “İnter” (İraliya) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Emir Alekoviç
Milan. “Cüzeppe Meattsa” stadionu
Təxmini heyətlər
İNTER (4-3-1-2): Vid Belek – Conatan Çiçero Moreyra, Valter Samuel, İsaak Donkor, Alvaro Pereyra – Andrea Romano, Marko Benassi, Simone Pasa - Filip Koutinyo – Antonio Kassano, Marko Livaya
NEFTÇİ (4-2-3-1): Saşa Stamenkovic – Mahir Şükürov, Elvin Yunuszadə, İqor Mitreski, Bruno Bertuççi – Rəşad Sadiqov, Erik Ramos – Julius Vobay, Flavinyo, Cavid İmamverdiyev - Nikolas Kanales.